Layçakın uğursuz müqayisəsi: Luqanskla Qarabağ münaqişəsini eyniləşdirmək düzgün deyil

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıb. Layçak bildirib ki, münaqişənin qarşısını müvəffəqiyyətlə almaq və nəticədə davamlı sülhə nail olmaq üçün bəzi şərtlərə əməl olunmalıdır:

“Tərəflər arasında inam və etibar isə ən mühüm şərtlərdəndir. Məsələn, ATƏT sədrliyinin əvvəllərində mən Şərqi Ukrayna üçün inamın artırılmasına yönəldilmiş bəzi tədbirlər müəyyənləşdirdim və indi deyə bilərəm ki, ATƏT-in fəaliyyəti sayəsində Luqansk Stanitsası şəhərində körpü təmir edildi və insanlar ondan istifadə edir”. Qurum sədri Minsk Qrupu həmsədrlərinin bu il çox fəal olduqlarını və XİN rəhbərlərinin görüşünün müsbət olduğunu deyib. 



Politoloq: “Əslində isə Layçak ATƏT-in sədri olaraq Ermənistana təzyiq göstərməlidir”


Layçakın münaqişə ilə bağlı ifadələrini “Şərq”ə şərh edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, ATƏT sədri tutduğu posta uyğun olaraq müxtəlif münaqişələrlə bağlı bəyanatlar səsləndirməlidir. Analitikin sözlərinə görə, Layçak həmçinin, münaqişələrin həlli prosesində birbaşa iştirak etməlidir:

“Layçakın Luqansk bölgəsi ilə Dağlıq Qarabağ münaqişəsini müqayisə etməsi düzgün deyil. Sədrin dediyi kimi Luqanskda körpü tikilsə də, bu, bölgədəki münaqişənin həllinə müsbət töhfə vermədi. Ümumiyyətlə, indiyə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəstək üçün bir sıra humanitar addımlar atılıb. Jurnalistlərin qarşılıqlı səfərləri də məhz bu məqsədlə həyata keçirilib. Lakin belə addımlar ölkələrarası qarşıdurmalara ciddi təsir göstərən amil sayılmır. Təcrübə də göstərir ki, Avropadan kənar münaqişələrin həllində mütləq şəkildə qeyri-diplomatik yollara əl atılır. Bunun da əsas səbəbi tərəflərdən birinin qeyri-konstruktivlik etməsi, beynəlxalq hüququ pozmasıdır. Ona görə də işğalçı Ermənistana beynəlxalq güclərin təzyiq göstərməsi labüddür. Layçak da ATƏT-in sədri olaraq ilk növbədə bunu etməlidir. Qarşılıqlı etimad mühüm məsələdir, amma bilirik ki, Ermənistan sadəcə Dağlıq Qarabağa göz dikmir, eyni zamanda digər qonşularına da ərazi iddiaları irəli sürür. Düşmən heç bir məsələdə kompramisə getmir və prosesi dalana dirəyir”.