NATO Ərdoğanın tələbini yerinə yetirəcək - ŞƏRH

 Türkiyə regionda söz sahibi olan güclü dövlətə çevrilib



Türkiyənin Suriyanın şimalında PKK və YPG terror təşkilatlarına qarşı apardığı mübarizəyə NATO-nun kifayət qədər dəstək verməməsi, Alyansın Baltikyanı ölkələr və Polşa ilə müdafiə planlarında problemlərə səbəb olub. Bəllidir ki, hərbi alyans hələlik YPG-ni terror təşkilatı olaraq tanımır. Ancaq türkiyəli nümayəndədən Alyansın müdafiə planlarını imzalaması tələb olunur.

Türkiyə tərəfi isə bəyan edir ki, NATO YPG-ni terror təşkilatı kimi tanımayanadək imza atılmayacaq.  NATO rəhbəri Yens Stoltenberq də Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı müttəfiq dövlətlər arasında fikir ayrılığının olduğunu etiraf edib: “Alyans üzvləri arasında fikir ayrılıqlarının bariz nümunələrindən biri də Türkiyə məsələsidir. Türkiyənin Suriyadakı əməliyyatlarının nəticəsi ilə bağlı narahatlığımı daha öncə bildirmişəm. Fərqli fikirlər var”. 



Politoloq: “Vaşinqton da Ankaranı regional güc kimi qəbul edir və onunla hesablaşır”


Tərəflər arasındakı gərginliyi “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, NATO və Rusiya hərbi rəhbərliyinin Bakıdakı görüşü Türkiyənin PKK və YPG terror təşkilatlarına qarşı mübarizədə NATO-nun kifayət qədər dəstək verməməsi ilə bağlıdır.

Analitikin sözlərinə görə, NATO Türkiyəni bu alyansa əvvəl SSRİ, daha sonra isə Rusiya qarşısında istifadə etmək məqsədi ilə qəbul edib: “Hərbi alyans 67 ildir Türkiyə əsgərinə “döyüşkən insan” gözü ilə baxıb, ərazisini istifadə edib. Ancaq indiki Türkiyə əvvəlkindən çox fərqlidir. Türkiyə öz strateji və geosiyasi planları olan, regionda söz sahibi kimi çıxış edən güclü dövlətə çevrilib. Bu baxımdan Türkiyənin güclənməsi nə Qərbə, nə də Avropaya sərf edir. Buna görə də Türkiyəni dünənə qədər olduğu kimi müxtəlif terror təşkilatlarının köməyi ilə zəiflətmək istəyir, ona qarşı “vəkalət müharibəsi” aparırlar. Bunu anlayan Türkiyə PKK və YPG təşkilatlarının NATO tərəfindən təbii olaraq terror təşkilatı kimi qəbul edilməsini tələb edir”. 
Ekspert bildirib ki, hərbi alyansın Türkiyəyə qarşı apardığı siyasət heç bir əməkdaşlıq və tərəfdaşlıq çərçivələrinə sığmır: “Bu siyasət açıq şəkildə hegemonluq siyasətinin tərkib hissəsidir. Türkiyə öz qüvvələrini Baltikyanı ölkələr və Polşanın müdafiəsindən geri çəkəcəyini elan edən kimi Rusiya bölgə üzərində “Ağ qu quşu” strateji bombardmançı təyyarələri ilə uçuşa başladı. Bu isə NATO-nun narahatlığına səbəb oldu. Hesab edirəm ki, NATO məcburən Ərdoğanın tələbini yerinə yetirəcək və kürd silahlılarına görə müttəfiqini gözdən çıxarmayacaq. Türkiyə də bir çox cəhətdən asılı olduğu təşkilatla ipləri qoparmağa tam hazır deyil. Ankara hökuməti həm NATO, həm də Rusiya arasında manevr etməklə hərbi-siyasi planlarını icra etməyə çalışır. S-400-lərin alınmasından sonra Amerika artıq Türkiyəni regional güc kimi qəbul edir və onunla hesablaşır”.