Moskva Bakının önəmini qəbul edir və ölkəmizlə normal münasibətlərə üstünlük verir
“Çünki bu əlaqələrin inkişafı region üçün faydalıdır”
“Rusiya-Azərbaycan əlaqələri yeni müstəviyə keçir”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, iki ölkə arasındakı münasibətlər özündə siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlığın yeni çalarlarını ehtiva edir:
“Gələn il Rusiyanın ölkəmizə yeni müxtəlif növ silahlar satacağı gözlənilir. Məlumdur ki, Qərblə Rusiya arasında yeni təsir zonalarının yaradılması istiqamətində mübarizə gedir. Məhz Moskva Cənubi Qafqazda öz dominantlığını saxlamaq, regionda mövqeyini möhkəmləndirmək üçün Azərbaycanla əməkdaşlığı yeni mərhələyə qaldırmağa çalışır.
Cənubi Qafqaz yeni dünya nizamının formalaşmasında əsas geosiyasi mərkəzlərdən biridir. Geopolitik qarşıdurmada Moskva Azərbaycanın önəmini qəbul edir və ölkəmizlə normal əlaqələrə üstünlük verir. Bununla yanaşı, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Gömrük İttifaqına üzv olması üçün müəyyən mesajlar ünvanlayır”.
Analitikin sözlərinə görə, Kremldə artıq anlayırlar ki, Azərbaycanla əlaqələrin yüksək səviyyədə olması region üçün faydalıdır:
“Bu gün Ermənistanın mövqeyi Rusiya üçün ciddi problemlər yaradır. Rəsmi İrəvan fürsət düşdükcə Moskvadan kənarlaşmağa çalışır. Rəsmi Bakının Kremllə əməkdaşlığı yüksək səviyyəyə qaldırması yeni inkişaf dinamizmindən xəbər verir: “Azərbaycanla Rusiya arasında ciddi problemlər yoxdur. İki qonşu dövlət olaraq əməkdaşlıq etməyimiz təbii və vacibdir”.