“Ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, qanunverici orqan da yeniləşmə olmalıdır:
“Milli Məclisin buraxılması ölkəmizdə aparılan islahatlar kursunun mahiyyətindən, onun fəlsəfəsindən doğan bir zərurətdir. İslahatlar barəsində cənab Prezidentin çox maraqlı fikirləri var. Dövlət başçısı vurğulayır ki, islahat, ilk növbədə, təkamüldür, yeni dövrə uyğunlaşma və tərəqqidir. Eyni məntiqlə Milli Məclis də təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun olaraq bu addımları atır.
Elman Nəsirov: "Hakim partiyanın deputatları könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və yeni seçkilərin keçirilməsi istəyini ortaya qoyurlar"
Hesab edirəm ki, bununla da islahatlar artıq cəmiyyətimizin bütün sferalarını, o cümlədən parlamenti də əhatə etməklə tam məzmun kəsb edir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edərək, yeni siyasi mədəniyyət nümayiş etdirdi və müstəqillik tariximizə yeni səhifə yazdı. Hakim partiyanın deputatları könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və yeni seçkilərin keçirilməsi istəyini ortaya qoyurlar”.