Səməd Seyidov parlament seçkilərinə qatılacaqmı? - AÇIQLADI  


“Mən Yen Azərbaycan Partiyasının(YAP) üzvüyəm və təşkilatın qərarını  gözləyirəm”. 

Bunu “Şərq”ə millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov “növbədənkənar parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırakən deyib.

Professor qeyd edib ki, parlamentdəki təbəddülatla bağlı söhbət heç də konkret şəxslərdən getmir:

"Yəni söhbət Seyidovdan, Məmmədovdan və başqalarından getmir. Söhbət xalqın istəklərini əks etdirmək qabiliyyətində olan insanlardan gedir. Məsələ bundan ibarətdir. Əsasən “Xalqın istəyini necə təmin etmək olar?” Xalqın istəklərini necə dilə gətirmək lazımdır?” “Hansı məsələlərdən agah olmaq gərəkir? “Hansı biliklərə malik olmalıyıq” “Hansı istiqamətdə düşünməliyik?” “Jurnalistlərlə necə təmaslar qurulmalıdır?” suallarına cavab tapılmalıdır.  Xalqa onun maraqlarını əks etdirən deputat lazımdır. Cənab Prezident dünənki müsahibəsində xalqı təmsil etmək niyyətində olan  insanlar üçün bir dərslik təqdim etdi. Bu müsahibə həmin şəxslər üçün əyani vasitədir. Ölkə rəhbərinin bu çıxışı Azərbaycanın uğurlu gələcəyi  naminə fəaliyyət göstərmək istəyənlər üçün bir etalon rolunu oynayır".