Adil Əliyev də namizədliyini irəli sürdü – Hansı dairədən?


“Seçildiyim 20 saylı Nərimanov II seçki dairəsindən 4-cü dəfə namizədliyimi irəli sürmüşəm. İmza vərəqlərimi götürmüşəm”.

Bu barədə “Sherg.az”a millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsü həmin dairədəki çoxsaylı seçicilərini nəzərə alaraq həyata keçirib:

“Dünən axşamdan imza vərəqələri ilə məşğuluq. Hesab edirəm ki, bu gün axşama bu prosesi yekunlaşdırıb, təqdim edəcəyik. Opponentlərimə də uğurlar arzulayıram. Bura güclü bir dairədir, vətənpər və dövlətini sevən insanlar çoxluq təşkil edirlər. Seçkiləri saxta adlandıranları bu dairədən namizədliklərini verməyə dəvət edirəm. Sonradan deməsinlər ki, millət vəkilləri seçilmirlər, təyin olunurlar. 12 nəfər opponentim var. 20 ilə yaxındır, bu ərazidə yaşayıram, fəaliyyət göstərirəm, insanlarla daim təmasdayam. Ona görə də, buradan növbəti dəfə namizədliyimi irəli sürmüşəm. Özünə güvənən nə qədər namizəd varsa, buyursunlar və 33 məntəqənin hər birinə nümayəndə yerləşdirsinlər. İnsanların kimə səs verəcəyinin real şahidi olsunlar".