Adil Əliyev:“Kimi seçicilərini başına yığıb zurna sədaları altında yallı gedir, kimi milli adət-ənənələrə uyğun nəysə nümayiş etdirir. Buna normal yanaşmaq lazımdır və normal da yanaşılır”
“2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkə üzrə böyük bayram ab-havası yaradıb”.
Bu sözləri “Sherg.az"a millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bildirib.
Deputat qeyd edib ki, parlamentdə təmsil olunmaq istəyən çoxlu sayda insan öz namizədliyini irəli sürüb:
“Olduqca fərqli dünya görüş və düşüncəyə malik insanlar öz namizədliklərini irəli sürdüklərinə görə, rənagrəng də seçki təbliğatı kampaniyası aparılır. Biri Şərq, digəri isə Qərb seçki təbliğatı üsulundan istifadə edir.
Kimi seçicilərini başına yığıb qara zurna sədası altında yallı gedir, kimi milli adət-ənənələrə uyğun nəysə nümayiş etdirir. Buna normal yanaşmaq lazımdır və normal da yanaşılır. Yəni, bütün namizədlərə bərabər şərait yaradılıb. Palamentdə 125 yer var, 126-cı millət vəkili seçilməyəcək.
Bunun üçün konstitutsiyada dəyişiklik edilməlidir. Allah bütün namizədlərin köməyi olsun. Qoy, xalqın etimadını, səsini, rəğbətini, sevgisini qazana bilən insanlar mandata layiq görülsünlər. Onsuz da “xalqın gözü tərəzidir”. İnsanlar kimə səs verəcəklərini artıq müəyyənləşdiriblər.
Arzu edirəm ki, 2020 ölkəmiz, dövlətimiz, millətimiz və xalqımız üçün düşərli bir seçki ili kimi yadda qalsın. Mən də daxil olmaqla, bütün namizədlər arzularına çatsın. Seçicilərimizin səsi bizim məsuliyyətimizdir”.