Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması prosesində apellyasiya instansiyası məhkəmələrindən və Ali Məhkəmədən məlumatlar tələb edəcək.
Oxu.Az-ın xəbərinə görə, həmin məlumatlar seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə baxılmış ərizələr haqqında olmalıdır.
Bu prosedur “Konstitusiya Məhkəməsi haqqında” qanunun tələbləri çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Fevralın 25-də isə Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərə yekun vurub.
MSK-nın qərarları ilə 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd, 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.
Eyni zamanda, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. 87 seçki məntəqəsi isə buraxılıb.
MSK parlament seçkilərinin nəticələrinin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi Plenumunun seçkilərlə bağlı iclası quruma materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlanmalıdır.
Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisiə seçkilər üzrə MSK sədri və üzvləri iştirak edirlər.
Konstitusiya Məhkəməsi eyni zamanda digər şəxsləri – müvafiq mütəxəssisləri də prosesə cəlb edir.
Dairə Seçki Komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində nəticələrin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin beş səs çoxluğu ilə qərar qəbul edə bilər.