Avropa Komissiyası və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı sənəd hazırlayıb.
APA-nın xəbərinə görə, sənəd Aİ və “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən dövlətlərin təqdimatlarından əlavə vətəndaş cəmiyyəti fəallarının, beyin mərkəzlərinin, beynəlxalq institutların və s. onlayn platformada təqdim etdiyi 200-dən çox təkliflər paketi əsasında hazırlanıb.
Sənəd "Şərq Tərəfdaşlığı" ilə bağlı 2020-ci ildən sonraya aid olan uzunmüddətli siyasi məqsədləri əhatə edir.
Bu məqsədlər sırasına Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə ticarəti artırmaq, əlaqələri gücləndirmək və iqtisadi inteqrasiyanı dərinləşdirmək, demokratik təsisatları, qanunun aliliyini, ekoloji və iqlim dayanıqlığını gücləndirmək, rəqəmsal transformasiyanı dəstəkləmək, ədaləti təşviq etməkdir.
Sənəddə qeyd olunub ki, "Şərq Tərəfdaşlığı" Aİ və tərəfdaş ölkələri bir-birinə yaxınlaşdırmaq üçün vasitə olub.
“2017-ci ilin noyabr ayında Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Zirvəsində “2020-ci il üçün 20 Məqsəd” adlı ümumi islahat gündəliyinin qəbul edilməsi yeni bir yanaşma gətirdi. Bu iddialı plan əsaslı nəticələrin əldə edilməsinə və dörd əsas sahədə vətəndaşların həyatının yaxşılaşdırılmasına yönəldilib: güclü iqtisadiyyat; güclü idarəetmə; daha güclü əlaqələr; gender, vətəndaş cəmiyyəti, media və strateji kommunikasiya sahəsindəki məsələlərlə bağlı birgə hədəflər.
"Şərq Tərəfdaşlığı" demokratiya, rifah, sabitlik və ortaq dəyərlərə əsaslanan bir sahə qurmaq məqsədini davam etdirəcək. Aİ beynəlxalq aləmdə, o cümlədən "Şərq Tərəfdaşlığı" ölkələrində insan haqları və demokratiya sahəsində qlobal liderliyini genişləndirməyə strateji maraq göstərir. İnsan haqlarına hörmət davamlı, inklüziv və demokratik cəmiyyətlərin vacib elementidir. Beləliklə, mövcud hədəflər, xüsusən qanunun aliliyindən, insan hüquqlarının qorunmasından, korrupsiya və ayrı-seçkiliyə qarşı mübarizə, müstəqil media və vətəndaş cəmiyyətinin rolu və gender bərabərliyinin təşviqi ilə bağlı diqqət mərkəzimizdə olmağa davam edəcək. Aİ-nin təşviq əsaslı yanaşması islahatlarla ən çox məşğul olan tərəfdaş ölkələrə fayda gətirəcək. "Şərq Tərəfdaşlığı" ilə bağlı yanaşma razılaşdırılmış məqsədlərə, vəzifələrə, prinsiplərə və əməkdaşlıq sahələrinə əsaslanmalıdır. Bu region ölkələri ilə davamlı əlaqə Aİ üçün əsas prioritetlərdən biri olaraq qalacaq. "Şərq Tərəfdaşlığı" siyasətinin yenilənmiş dinamikası bu qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu əlaqələri gücləndirəcək. "Şərq Tərəfdaşlığı"na üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda siyasi əlaqələr inkişaf edəcək”, - deyə sənəddə qeyd olunub.