“Azərbaycan dünyaya humanizm və həmrəylik nümunəsi göstərir”

“İlham Əliyev dünyanın problemlərinə adekvat reaksiya verməyi bacaran lider olduğunu təsdiqlədi”




“Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü nəinki Azərbaycan üçün, bütövlükdə dünya üçün olduqca əhəmiyyətli hadisədir”. 
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya rəhbəri bildirib ki, 40-dan artıq üzv ölkənin dövlət və hökumət başçılarının qatıldığı bu onlayn toplantıda dünyanın ən mötəbər beynəlxalq qurumlarının rəhbər şəxsləri də iştirak edirdilər: 

“BMT Baş Assambleyasının sədrinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunun da qatıldığı belə bir tədbir şübhəsiz ki, planetar miqyaslı tədbir xarakteri daşıyır. Açıq etiraf etməliyik ki, eyni zamanda bir neçə beynəlxalq qurumların rəhbər şəxslərini bir tədbir çərçivəsində bir araya gətirmək həddindən artıq çətin olur.



Zirvə görüşü isə bu baxımdan kifayət qədər uğurlu alınmışdı. Bu da ilk növbədə Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin hazırda bütün insanlıq üçün ən aktual problem olan Covid-19 pandemiyasının doğurduğu qlobal fəsadlarla bağlı məsələləri tam vaxtında beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etməsi ilə əlaqədardır. Bununla da İlham Əliyev dünyanın problemlərinə, Qoşulmama Hərəkatının üzvlərini narahat edən məsələlərə vaxtında və həm də adekvat reaksiya verməyi bacaran bir lider olduğunu bir daha təsdiqləyir.

Qoşulmama Hərəkatının hazırki sədri kimi İlham Əliyev bir həqiqəti çox gözəl başa düşür ki, ayrıca götürülmüş bir ölkəni və ya bir qitəni deyil, bütövlükdə dünyanı cənginə alan koronavirus pandemiyası şəraitində yalnız beynəlxalq həmrəyliyə nail olunması bu infeksiyanın fəsadlarına qarşı birgə mübarizəni olduqca effektli edə bilər.

Odur ki, Azərbaycan bu prosesdə çox aktiv rol alan ölkələrdən biridir. Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi uğurlu nəticələr bu gün dünyanın əksər ölkələri üçün nümunə sayıla bilər. Üstəgəl, Azərbaycan Prezidenti həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi özünün beynəlxalq ölçüdə məsuliyyətini də yaxşı dərk etdiyinə görə sözügedən blokların, platformaların üzv dövlətlərinin də Covid-19 pandemiyasına qarşı mübarizə səylərini effektiv şəkildə əlaqələndirməyə çalışır”.

Ə.Hüseynov bildirib ki, Azərbaycan liderinin bu müstəvidəki fəallığı və prinsipiallığı xüsusi qiymətləndirilməlidir: 

“Onu da nəzərə alsaq ki, hətta Avropa Birliyi kimi nəhəng hərbi-siyasi və iqtisadi ittifaqın özü belə koronavirusa qarşı mübarizədə lazımi qədər birlik və həmrəylik nümayiş etdirə bilmədi, o zaman Azərbaycan Prezidentinin həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, həm də Qoşulmama Hərəkatının üzv dövlətlərinin ümumi bəlaya qarşı mübarizədə resurslarını və səylərini düzgün surətdə koordinasiya etməsi həqiqətən də böyük nailiyyətdir. Açıq demək lazımdır ki, İlham Əliyev hər iki platformada sədr kimi öz vəzifələrinin öhdəsindən layiqincə gəlir.

Məhz onun sayəsində bu gün istər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, istərsə də Qoşulmama Hərəkatının üzv dövlətləri arasında qarşılıqlı yardımlaşma və kommunikasiya işləri kifayət qədər yüksək səviyyədə təşkil olunur. Üzv dövlətlər və beynəlxalq təşkilatlar da bunu görür və bu cür həssas bir dövrdə Azərbaycanın təşəbbüskarlığı, çevikliyi, kommunikasiyanı və qarşılıqlı yardımlaşmanı səmərəli şəkildə təşkil etmə bacarığı üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.

Bu gün Azərbaycan dövləti ÜST-ün özü də daxil olmaqla bir sıra ölkələrə koronavirusla mübarizə çərçivəsində maddi-texniki yardım edir. Bir sözlə, Azərbaycan rəhbərliyi hazırki kritik dönəmdə bütün dünyaya əsl humanizm və həmrəylik nümunəsi göstərir. Bu mənada, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə görə ÜST-ün Baş direktoru Tedros Qebreisusun Azərbaycan xalqına, Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə öz təşəkkürünü bildirməsi heç də təsadüfi deyil.

Bu təşəkkür Azərbaycan Prezidentin beynəlxalq platformalardakı çoxşaxəli fəaliyyətinin və Azərbaycanın Covid-19 pandemiyasının qarşısının alınmasında qlobal rol oynamasının təsdiqidir”.