“Zirvə görüşü təsdiq etdi ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi və maneəni təkbaşına aradan qaldıra bilməz”
“Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, dünyanın diqqəti yenidən Bakıya yönəldi:
“Dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş Zirvə görüşü 120 üzv dövlətin yekdil dəstəyi ilə həyata keçib. Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi söyləyərək, koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladıb. Bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğulayıb. Azərbaycan Prezidenti ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən təxirəsalınmaz, çevik və zəruri qabaqlayıcı tədbirləri diqqətə çatdırıb, pandemiya dövründə insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsinin Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu qeyd edib. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin-planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi".
Parlament üzvü vurğulayıb ki, dövlət başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu da xüsusi ilə diqqətə çatdırıb:
“Son üç həftə ərzində ölkəmizdə əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsi, xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması görülən tədbirlərin əyani göstəriciləri olduğu Zirvə görüşündə vurğulandı. Bildiyimiz kimi, pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklər bütün ölkələr, ələlxüsus maliyyə resursları az olan dövlətlər üçün ciddi təlatümlərə səbəb olub.
Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxu da məhz məhdud ehtiyatlara malik olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə onları çətin sınaqlar gözlədiyi qaçılmazdır.
Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti belə çətin dönəmdə də layiqincə yerinə yetirdi. Dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının da çıxış etdiyi Zirvə görüşü bir daha təsdiq etdi ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz.
Qoşulmama Hərəkatına rəhbərlik edən Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmaq, həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək, eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq təklifi BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat-Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən böyük razılıqla qarşılandı.
BMT-nin Baş katibi Antonio Quterreş, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin və digər çıxış edənlər Azərbaycan Prezidentinin bütün dövlətlərin səylərinin birləşdirməsi çağırışını yüksək qiymətləndirib, pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rolun əhəmiyyətlini vurğulayıblar. Zirvə görüşü BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat - Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunun bir daha nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəldiyinin təsdiqi oldu”.