“Prezident İlham Əliyevin erməni baş nazirin bu Fondla bağlılığına diqqət çəkməsi Rusiyaya mesaj kimi dəyərləndirilməlidir”
Azərbaycan lideri bu açıqlaması ilə Rusiya hakimiyyətinə deyir ki, baxın, dəstək verdiyiniz ölkənin baş naziri görün kimlərlə əlbirdir”
Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Fond iqtisadi və siyasi cəhətdən müstəqil olmayan dövlətlərdə öz dayaqlarını yaradır. Məhz bu səbəbdən də Ermənistandakı bütün beyin mərkəzlərini, media qurumları və ictimai təşkilatları öz maliyyəsi hesabına ələ keçirib.
Ölkə başçısının da öz çıxışında məhz bu kimi məqamlara diqqət çəkdiyini vurğulayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında Soros Fondunun Ermənistanda geniş qol-qanad açdığının artıq heç kəs üçün sirr olmadığını deyib. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan birbaşa Sorosun sifarişlərini həyata keçirən bir quruma çevrilib:
“Paşinyan bunu inkar edib, Soros Fondunun guya onun hakimiyyətə gəlməsindən əvvəl Ermənistanda yerləşərək nümayəndəlik açmasını iddia etsə də, məhz Paşinyan hakimiyyətə gələndən sonra bu fondun əsas nümayəndələrinin hamısının yüksək vəzifələrə təyin olunması gözlərdən yayınmayıb.
Ölkə rəhbəri də öz çıxışında məhz ona işarə edirdi ki, Paşinyan və onun hökuməti Soros Fonduna sıx bağlıdır. Təsadüfi deyil ki, bu günlərdə Soros heç kimə yox, məhz Ermənistana pandemiya ilə əlaqədar 600 min dollarlıq maliyyə ayırdı.
Bu yanaşma ondan xəbər verir ki, Paşinyan bütün mənalarda Soros Fonduna bağlıdır. Niyə başqa dövlətə yox, məhz inqilabla hakimiyyətə gəlmiş Paşinyanın Ermənistanına belə jest edildi? Çünki Ermənistanda bu fonda və onun törəmə təşkilatlarına hər cür şərait yaradılıb. Elə inqilabın baş verməsində bu fondlar əsas rol oynadı”.
Politoloqun sözlərinə görə, Prezidentin Paşinyanın Soros Fondu ilə bağlılığına diqqət çəkməsi bir növ Rusiyaya mesaj kimi dəyərləndirilməlidir.
Rusiyanın düşmən münasibətində olduğu bir təşkilatla Paşinyanın iş birliyi şübhəsiz ki, Rusiyadakı siyasi dairələrin ürəyincə deyil:
“Sorosun Fondları, təşkilatları dünyada, müxtəlif ölkələrdə rəngli inqilablarla tanınır. Bu da Rusiyanın maraqlarına ziddir.
Ona görə, Prezident İlham Əliyevin bu açıqlaması, əslində, Rusiya hakimiyyətinə ünvanlanıb ki, yəni baxın, sizin dəstək verdiyiniz ölkənin baş naziri görün kimlərlə əlbirdir”.