Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması geosiyasi tələbə çevrilib - Millət vəkili 


"Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə  və xüsusi prinsipiallıqla müdafiə edir".

Bu sözləri "Sherg.az"a  Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi ilə bağlı yayılan rəsmi məlumatları şərh edən  millət vəkili Sədaqət Vəliyeva deyib. 

 Millət vəkili açıqlamasında bir neçə il öncə BP şirkəti öhdəliklərini yerinə yetirmədikdə Prezident İlham Əliyevin eyni ilə bu cür milli maraqları müdafiə edən qətiyyətli mövqe nümayiş etdirdiyini  xatırladıb:

"Bununla isbatlanır ki, Azərbaycanın milli marqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur”. 

Millət vəkili eyni zamanda Rusiyanın Ermənistanı gizli şəkildə silahlandırması ilə bağlı  ortaya çıxan faktların  Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar və suallar doğurduğunu vurğulayıb. 

Rusiyanın Ermənistanı silahlandırmasını işğalçı ölkəyə  dəstək kimi qiymətləndirən deputat  bu silahların pulsuz verildiyinə dair bilgilərini də bizimlə paylaşıb:

"Düzdür, Rusiyanın Ermənistana silah "hədiyyə" etməsi məsələsi yeni deyil. Yeni olan yalnız zaman və geosiyasi şəraitdir. Vaxt var idi ki, Rusiya 1 milyard dollarlıq silah yardımı etmişdi Ermənistana. Yəni, 1990-cı illərin ortalarından  başlayaraq Rusiyanın Ermənistanı silahlandırması bir reallıqdır. Vaxtilə general-mayor Lev Roxlinin 1997-ci ildə Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxışını, sonradan onun öldürülməsi məsələsini yəqin ki, hər kəs xatırlayır. 
S. Vəliyevanın sözlərinə görə, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun  ATƏT-in Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizlik"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməliyi prinsipinə ziddir. Eyni zamanda, silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir:

"Bütün bunlar fonunda artıq  qardaş ölkə Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədri olması geosiyasi tələbə çevrilib. Faktlar onu göstərir ki, ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, Türkiyə həmsədr ölkə qismində  prosesə cəlb edilməlidir. Bu, artıq geosiyasi tələbə çevrilib”.