Kreml də anlayır ! - “Türkiyə Cənubi Qafqaza tam yerləşib” – Yeni güc mərkəzi 

“Ona görə də, regionda Türkiyə faktoru ilə hesablaşmağın qaçılmazlığını nəzərə alırlar”

“Qardaş ölkənin Cənubi Qafqaza yerləşməsində rəsmi Bakının da birbaşa rolu var”

“Siyasi dairələr etiraf edir ki, Türkiyə-Azərbaycan müttəfiqliyi yeni güc mərkəzinə çevrilməyə başlayıb”


Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Məlumata görə, onlar Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla keçirilən görüşün əsas nəticələri barədə danışıblar.

Bildirilir ki, Ərdoğan Dağlıq Qarabağda vəziyyətin nizamlanmasında Rusiyanın səylərini dəstəklədiyini qeyd edib.
Onlar eyni zamanda, birgə peyvənd istehsalı və istifadəsi planları da daxil olmaqla pandemiya ilə mübarizə mövzusuna da xüsusilə toxunublar.



Görüşü şərh edən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, bu danışıqlarda əsasən iki önəmli məqsədi olub:

“Birinci məqsəd Kreml sahibinin Moskvada keçirilmiş üçtərəfli görüşlə bağlı Türkiyə prezidentini birbaşa özünün məlumatlandırmaq istəyidir. İkinci məqsəd isə, Rusiya-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi üçün növbəti konkret addımların atılmasına nail olmaqdır.

Hər iki istiqamət üzrə Rusiyanın özəl maraqları mövcuddur. Kreml də Türkiyənin artıq Cənubi Qafqaza tam yerləşdiyini anlayırlar. Ona görə də, regionda Türkiyə faktoru ilə hesablaşmağın qaçılmazlığını nəzərə alırlar. Bu baxımdan, Kreml reallığa artıq əvvəlki kimi qıcıqla yanaşmağın mənasız olduğunu nəzərə alır.

Əksinə, Rusiya Türkiyənin Cənubi Qafqazda əsas geopolitik iradə sahibləri sırasında yer almasıyla artıq demək olar ki, tamamilə barışıb.
Ona görə də, Kreml hazırda Cənubi Qafqazda Türkiyə ilə rəqabət mühiti yaratmaq niyyətindən kifayət qədər uzaqdır. İndi Rusiyaya Türkiyənin Cənubi Qafqazdakı yeni oyunçu statusuna müqavimət göstərməkdənsə, rəsmi Ankara ilə mümkün qədər sıx əməkdaşlıq etmək sərf edir.

Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Qardaş ölkənin Cənubi Qafqaza yerləşməsində rəsmi Bakının da birbaşa rolu var. Kremldə bu önəmli faktoru da ciddiyə alırlar və dəyərləndirməyə çalışırlar".


E.Xalidbəyli vurğulayıb ki, hazırda Rusiya üçün Türkiyə-Azərbaycan İttifaqı ilə əməkdaşlıq edib, yaxşı münasibətlər qurmaq olduqca sərfəlidir:

“Belə bir əməkdaşılıq Rusiyanın həm beynəlxalq, həm də regional maraqlarının təmin olunması baxımından, böyük önəm daşıyır. Qərb siyasi dairələri etiraf edir ki, Türkiyə-Azərbaycan müttəfiqliyi yeni güc mərkəzinə çevrilməyə başlayıb. Kreml də, bu iki qardaş ölkənin müttəfiqliyindən ortaq maraqlar çərçivəsində faydalanmağa çalışır.

Belə maraqlar isə kifayət qədərdir. Kreml Azərbaycan-Türkiyə İttifaqı ilə dil tapa bilərsə, Rusiyanın maraqlarına təhlükə törədə biləcək başqa dövlətlərin Cənubi Qafqaza yol tapmasının da qarşısını ala bilər. Eyni zamanda, həm Rusiyanın, həm də Türkiyənin Qərb siyasi idarə mərkəzləri ilə kifayət qədər ciddi problemləri mövcuddur.

Türkiyə və Rusiya Qərbdəki rəqiblərə qarşı mövqelərini birləşdirmək şansına malikdirlər.
Digər tərəfdən, Kreml Cənubi Qafqazın yaxın gələcək üçün kommunikasiya, nəqliyyat, ticarət və iqtisadi cəhətdən inkşaf perspektivləri olduğunu diqqətdən yayındırmır".

Sonda siyasi şərhçi qeyd edib ki, Kreml bütün bunlardan Rusiyanın faydalanmasını istəyir, regional inkişaf prosesində iştirakçı tərəf rolunda çıxış etməyə çalışır. Bunun üçün ilk növbədə Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini ən yüksək səviyyədə saxlanması vacib şərtlərdən biridir:

"Əlbəttə ki, Kremlin Türkiyə ilə yaxınlaşmaq cəhdlərinə prezidentlər - Putin və Ərdoğan arasındakı xüsusi münasibətlər də yardım edə bilər. Çünki bu münasibətlərin pozulmasına kənardan nə qədər təsir göstərsələr də, nail olunmayıb. Hər iki prezident öz davranışları ilə bir-birinə güvənmək üçün əsas yaradıb. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinin yaxın gələcəkdə daha da inkişaf edə biləcəyi qətiyyən istisna deyil".