Yanvarın 21-də Azərbaycan Prezident İlham Əliyevlə türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş baş tutub. Görüş zamanı Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əhəmiyyətindən danışan Prezident İlham Əliyev qeyd edib ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür:
“Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb”.
Prezident qeyd edib ki, Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər:
“Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik.
Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar”.
Q. Berdiməhəmmədov da bildirib ki, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır:
Bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir. Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir.
Görüşü “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov diqqətə çatdırıb ki, Memorandumun imzalanmasına prezident İlham Əliyevlə Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov arasındakı dialoqun nəticəsində nail olmaq imkanı yarandı. Onun sözlərinə görə, 1980-ci illərin sonlarında Azərbaycan mütəxəssisləri tərəfindən tapılmış yataqda 50 milyon ton neft ehtiyatı var:
“Çox keçmədi ki, Sovet dönəmi çökdü və Azərbaycanla Türkmənistan müstəqil dövlət olaraq bu yatağın üzərində iddialar irəli sürdü. Əslində, yataq sərhəd bölgəsində yerləşir və Azərbaycanın haqqı daha çox çatır.
Çünki yatağı tapan məhz Azərbaycanın kəşfiyyatçıları, mütəxəssisləri olub. Sovet illərində Türkmənistanın bu sektorunu idarə edən Azərbaycan idi. Xəzərin hüquqi status məsələsinə qədər gəlmişdik. Türkmənistan o yatağın adını “Sərdar” qoymuşdu. İndi isə yatağın yeni adı “Dostluq”dur”.
Politoloq bildirib ki, Memorandumun imzalanması ilə bölgəmizdə neft və qaz emalının tarixçəsində yeni səhifə açılır:
“Səhifə ondan xəbər verir ki, Azərbaycanla Türkmənistan arasında olan dəniz sərhədlərinin də demarkasiyası öz həllini tapmalıdır. Çünki Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi status ilə bağlı 2018-ci ildə beştərəfli konvensiya imzalandı.
Bütün Xəzəryanı dövlətlər buna “hə” dedilər. Lakin Azərbaycanla Türkmənistan arasında dəqiq sərhəd müəyyən edilməyib.
Bu gün ortaq qazanc imkan verir ki, digər məsələlərin də həlli tapılsın. İlk növbədə, Azərbaycanın Xəzər bölgəsində apardığı sağlam siyasət diplomatiyamızın irəliləmə strategiyası özünü doğruldur. Ola bilsin ki, bu məsələ ilə bağlı gözləntilər yox idi, amma Azərbaycan bunu araşdırdı.
Mərhum ümumilli lider Heydər Əliyev bildirmişdi ki, bu yatağı birgə işləmək lazımdır. Nəhayət, Türkmənistan anladı ki, Azərbaycanın dediyi variant sağlamdır. Hər iki tərəf üçün mənfəət gətirəcək. Azərbaycanın bütün təməlləri hazırdır.
Elə bil şərait yarada bilərik ki, Türkmənistan gələcəkdə həm qaz,həm də neft sahəsini Azərbaycanın tranzit imkanları ilə Qərbə doğru yönləndirsin. Biz bundan həm istehsalçı, həm də tranzit ölkə kimi qazanc əldə edə biləcəyik”.