"İran XİN-nin turneyə çıxmasının səbəbi Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətlərin yeni formasını müəyyən etməkdir"
“Sanksiya şəraitində yaşayan ölkə olduğu üçün iqtisadi layihələrə qoşulmaq, regiondakı inteqrasiya prosesində rol almaq arzusundadır”
Bu gün İstanbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. Bu barədə məlumat Türkiyənin XİN nazirinin rəsmi “Twitter” səhifəsində yayımlanıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüş zamanı bildirib ki, digər liderlərin Azərbaycan Prezidenti İlham Əliyevin təklifini dəstəkləməsi ilə Cənubi Qafqazda 3+3 formatında bir əməkdaşlıq planlaşdırırırlar:
"Cənubi Qafqazdakı sülh və sabitlik hər kəsin xeyrinədir. Bu bölgədəki normallaşma bütün regionun xeyrinə olacaq, xüsusilə Ermənistan və Ermənistan xalqına faydalı olacaq. Yəni Ermənistanın da bu mənada konstruktiv addımlar atacağını gözləyirik”.
İran XİN-i Cavad Zərifin turnesini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, C.Zərifin işgüzar səfəri regiondakı yeni mühitlə əlaqədardır. Onun sözlərinə göər beynəlxalq münasibətlərin toqquşan dönəmində qalib gəlmiş yeni gücün, yəni Azərbaycanın olduğunu nəzərə almalıyıq:
"İran müharibə dönəmində açıq mövqe sərgiləməmişdi. Bəzi faktlar meydana çıxmışdı ki, cənub qonşumuz ərazi olaraq silah daşınmasına keçid kimi fəaliyyət göstərir.
İşğal altında olan cənub rayonları boyunca ərazilər qeyri-qanuni şəkildə İranın əlində qalmışdı. Müharibədən sonra diqtə edən tərəfə çevrildiyimizə görə, artıq region üçün yeni imkanlar yaratmağa başladıq.
Zəngilandan Ordubada dəhlizin çəkilməsi, bununla bağlı miqyaslı layihələrin icra olunması, milyardlarla rentabelliyi olan yol xətlərinin inşa edilməsi üçün bölgənin ölkələri cəlb olunacaq".
Ə.Əlibəyli diqqətə çatdırıb ki, Türkiyənin Qafqaza böyük güc kimi daxil olması önəmli məsələdir. Onun fikrincə, bu rəsmi Tehranın maraqlarına ciddi zərbə idi:
"İran XİN-nin turneyə çıxmasının səbəbi Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətlərin yeni formasını müəyyən etmək istəyidir. İran tərəfi Azərbaycanın bütövlüyünü tanıyır, qələbə münasibətilə təbrik edir.
Sanksiya şəraitində yaşayan ölkə olduğu üçün iqtisadi layihələrə qoşulmaq, regiondakı inteqrasiya prosesində rol almaq arzusundadır.
Qalib gəlmiş, milli hisləri qabarmış Quzey Azərbaycan, Güney Azərbaycana nümunədir və bu İranın daxili təhlükəsizliyini təmin edən amildir".