Ermənilər ağıllarını başına toplamalıdı

Azərbaycan yarımçıq qalmış işini istənilən vaxt tamamlaya bilər


Azərbaycanın Qarabağı güc yolu ilə azad edib istəyinə nail olduğunu görən Ermənistan da qonşu dövlətlərlə əlaqə yaratmağa can atır.
Ermənistan XİN başçısı Ara Ayvazyan  “Ermənistan hökuməti hesab edir ki, Qarabağda status-kvo güc yolu ilə dəyişdiriləndən sonra Türkiyənin Ermənistan ilə sərhədləri bağlı saxlamasına səbəb yoxdur” - deyə fikir bildirib.

Ayvazyanın açıqlamasından da aydın olur ki, Ermənistan Türkiyə ilə sərhədləri açmağa, iqtisadi əlaqələri gücləndirməyə hər vəchlə səy göstərir.

Politoloq Qabil Hüseynli "Şərq"ə açıqlamasında bildirdi ki, ermənilər 10 noyabrda imzalanan müqaviləyə nə qədər ki, əməl etmir, onların bu cəhdləri də baş tutan deyil:

"Moskva razılamşası var və bu razılaşmanın müddəaları var. Onlar həmin müddəaları pozmağa çalışır.
Orada deyilirdi ki, sonuncu erməni əsgəri Azərbaycan ərazisindən çıxmalıdır. Amma hələ də bəzi ərazilərdə əsgərləri qalıb.

İndi gah Araik Arutyunyan kimisə "vəzifəyə təyin edir", bizə qarşı müəyyən iddialar irəli sürür, Ermənistandan gələn müxtəlif çinli məmurlarla görüşür və s... Bir sözlə, suyu bulandıran hərəkətlər həddən çoxdur.

Daha sonra başda Koçaryan olmaqla revanşistlər yenidən müharibəyə başlayacağıq deyə meydan sulamağa çalışırlar. Yaxşı, adamdan soruşarlar ki, ay filankəsin oğlu, müharibəyə başlayıb hansı itirilmiş torpaqları geri qaytaracaqsan? İtirilmiş torpaqlar var? İşğal edilən torpaqlar Azərbaycanın idi, onu da Azərbaycan Ordusu geri qaytardı. Yəni dünya o qədər yiyəsiz, beynalxalq hüquqlar o dərəcədə ölübmü ki, bu revanşistlər gəlib bizim torpaqları yenidən işğal edə? O dövrlər artıq çoxdan ötüb keçib".

Q. Hüseynli əvvəlcə ermənilərin öz ordularına, sonra da büdcələrinə baxıb hərəkət etməli olduqlarını tövsiyə edir:

"Diqqətlə baxın, ordunuzun böyük bir hissəsi məhv edilib, büdcəniz başdan-başa boşalıb. Heç pensiyaçılara verməyə pul tapmırsınız.

Yəni demək istəyirəm ki, Sarkisyan, Koçaryan, Daşnaksütyun partiyası və s. meydanı qızışdırmaqda davam edir. Amma bilmirlər ki, bölgədə yeni geosiyasi reallıqlar yaranır. Bölgədə Türkiyə var, Pakistanın təsiri var.
Azərbaycan ordusu əvvəlkindən də güclü vəziyyətdədir, lakin Ermənistan qoşunları sıxılmış, məhv olmuş haldadırlar. Qüvvələr nisbətini nəzərə almadan belə həyasız açıqlamalar verən erməni rəsmiləri Rusiya və Fransaya arxalanırlar. Amma bunun əzabını onlar özü çəkəcək.

Onlar nə deyir desin, necə deyərlər, Azərbaycan barıtı həmişə quru saxlayır. Yəni Azərbaycan bir qədər yarımçıq qalmış işini tamamlamaq üçün kiçik bir imkandan istifadə edəcək və bölgədə ajiotaja son qoyacaq.

Ağarza Elçinoğlu