Faşist cəlladı Qaragin Njdenin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Xocavənddəki heykəlinin sökülüb-sökülməməsinə dair ziddiyyətli məlumatlar tirajlanır. Rusiyanın bəzi KİV-ləri heykəlin götürüldüyünü iddia edir, Ermənistanın baş nazir Nikol Paşinyana yaxın media orqanları isə informasının doğruluğunu təkzib edir. Məsələn, təsisçisi erməni olan fransızdilli sayt - « armenews.com» da «Əliyevin qıcıqlanmasına və Rusiyanın tələbinə baxmayaraq Njdenin Xocavənddəki heykəli sökülməyib» başlıqlı məqalə dərc olunub. Məqalədə Xocavəndin «meri» Edik Avanesyan heykəlin sökülməsinə dair xəbərləri yalanlayıb. O qeyd edib ki, yayımlanan reportaj dezinformasiyadır:
« Q.Njdenin heykəli 2020-ci ilin 26 sentyabrında ucaldılıb. Heykəltəraş vaxtı çatdırıb, işi tam yekunlaşdıra bilmədi. Hazırda heykəldə qalan yarımçıq işlərin tamamlanması ilə bağlı heykəltəraşla müzakirələr aparılır. İndi o, heykəl üzərində emalatxanada, yaxud elə yerindəcə tamamlanma işlərinin aparılmasına dair qərar verəcək. Bu mənada hesab edirəm ki, Q.Njdenin heykəli ilə bağlı son günlərdə mətbuatda yayımlanan müxtəlif məlumatlar geri götürülməlidir. Heykəl barədə lazımsız fərziyyələrdən uzaq olmağı məsləhət görərdim».
Qeyd edək ki, birincisi, E.Avanesyanın bu açıqlaması birmənalı təkzib kimi qiymətləndirilə bilməz. Onun «İndi heykəltəraş heykəl üzərində emalatxanada, yaxud elə yerindəcə tamamlanma işlərinin aparılmasına dair qərar verəcək» fikirləri heykəlin götürülməsi və ya ən qısa müddətdə götürüləcəyi ehtimalını gücləndirir.
Heç kimə sirr deyil ki, İkinci Qarabağ savaşında işğalçı Ermənistan tamamilə məğlub duruma düşdü. Onsuzda öləziyən iqtisadiyyatı çökdü. Fakt olaraq elə « armenews.com»da dərc olunan daha bir yazıdan sitatlar gətirmək yerinə düşər : «Əsgəranda 2000 hektardan çox ərazi Qarqar çayı üzərində inşa ediləcək keçiddən sonra əkin sahəsinə çevriləcək. Bu barədə terrorçu başı Araik Arutyunyan keçirdiyi təcili və geniştərkibli iclasda bildirib. Bundan başqa sayt yazır ki, müharibədən sonra mal-qaranın sayında 40 faiz azalma qeydə alınıb. Məhz ona görə də bölgədə məskunlaşmış ermənilərin müharibədən sonra yaranmış sosial- iqtisadi çətinliklərini aradan qaldırmağa çalışırıq».
Nəticədə bu ölkədəki sosial, iqtisadi və siyası böhrandan irəli gələrək baş nazir Nikol Paşinyanın istefasına dair etiraz səsləri yüksəldi. « Qarabağ klanı»nın üzvləri bu «kart»dan istifadə edərək aktiv siyasi meydana qayıtma istəyinə düşüblər və qayıdırlar. Bütün bunları nəzərə alıb, məlum açıqlamanı daxili auditoriyaya hesablanmış manipulyasiya kimi şərh etsək, yanılmarıq. Bir sözlə, « mer» məlum bəyanatla daxili qovğanı sakitləşdirməyə çalışır. Amma bunun effektiv olacağı inandırıcı görünmür.
İkincisi, «Rusiyanın tələbinə baxmayaraq Njdenin Xocavənddəki heykəli sökülməyib» bəyanatı işğalçının Qarabağda sülh və təhlükəsizliyi təmin etməyi öhdəsinə götürən Rusiya və rus sülhməramlılarına meydan oxumaq deyilmi? Kreml buna niyə susur? Şübhəsiz, rəsmi Moskvanın proseslərə "lal" qalması, işğalçıya pressinq nümayiş etdirməməsi bu işdə Rusiyanın «əl »inin olmasına dair təsəvvürləri artırır. Bəlkə, məlum nifaq toxumunu səpən elə Kremldir, bölgədə rus sülhməramlılarının sayının artırılmasına zəmin yaratmaq məqsədilə yeni təxribat planı hazırlayır? Bu məqamda beyinlərdə avtomatik sual hasil olunur : necə olur ki, ruslar 10 noyabr sazişindən sonra Qarabağa 52 min 473 ermənini qaytara bilir, amma Azərbaycan ərazisində, tarixən elə özlərinə də yağı kəsilən, faşist ideologiyasına xidmət etmiş Q.Njdenin heykəlinin götürülməməsinə süst yanaşır? Bu təsadüfdürmü ? Əlbəttə, deyil. Görünür, Kreml bölgədəki çirkin oyunlarını davam etdirmək niyyətindədir. Amma türk əsgərlərinin gəlişi palitrası qarışmış Qarabağ bölgəsindəki məkrli ssenarilərə nöqtə qoyacaq. Bölgənin təhlükəsizliyinin təminatına dair yeni plan hazırlanacaq və rəsmi Moskva bununla razılaşmaq məcburiyyətində qalacaq. Çünki buna məhkumdur. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu həm Rusiya özü, həm də Böyük Britaniya daxil dünyanın aparıcı ölkələri, təsdiqləyiblər. BMT-nin 4 qətnaməsi də ortadadır. Həmçinin Rusiya-Türkiyə arasında « S-400 » raket kompleksləri ilə bağlı əldə olunan razılaşma da rəsmi Moskvanın manevr imkanlarını çərçivəyə salır. Belə bir vəziyyətdə Kreml Ermənistan kimi "duz yükü"nü, Paşinyan kimi "siyasi meyit"i daşımaq iqtidarında və həvəsində deyil.
Üçüncüsü, «Əliyevin qıcıqlanmasına baxmayaraq Njdenin Xocavənddəki heykəli sökülməyib» ismarıcına gəlincə, görünür, düşmən hələ də "Dəmir Yumruq" dan yaxşı nəticə çıxara bilməyib və provokativ addımlarını davam etdirmək istəyir. Amma bu ölkənin gələcəyini, taleyini düşünən müstəqil erməni politoloqlar öz ölkələrindən bu sayaq təxribatları dayandırmasını, Azərbaycan və Türkiyə ilə kommunikativ xətlərin açılmasını tələb edirlər. Türkiyə amilinin Qarabağdakı mövcudluğu və bu dəfə də müharibə başlayarsa, Rusiyanın Ermənistanı xilas edə bilməyəcəyini bəyan edirlər. Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən çıxışlarının birində buna dair xəbərdarlıq mesajı verdi. Düşmənə «Dəmir Yumruğu » unutmamağı və lazım gələrsə, bu Yumruğun yenidən işə düşəcəyini aydın şəkildə ifadə etdi. Yəni anti-terror əməliyyatlarının bərpa olunmasını istisna etmədi. Şübhəsiz, məlubiyyətdən sonra daxili və xarici siyasətində xaotik duruma düşən Ermənistan onu da nəzərə almalıdır ki, bu dəfə Azərbaycanın «əli » daha güclüdür. Bunu həm Türkiyə faktoru, həm də müharibədən qalib xalq, qalib ölkə kimi çıxmağımızla izah edə bilərik. Bir sözlə, düşmən dərk etməlidir ki, "Dəmir yumruq" bir daha da havaya qalxarsa, zərbə öldürücü olacaq.
Dördüncüsü, Türklərin bölgəyə ayaq basdığı gündən, yəni Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə sanki N.Paşinyana yaxın erməni media quruluşlarında Kreml əleyhinə məqalələrin tirajlanması ilə bağlı «düyməyə basdılar ». Bu da Rusiyanın müəyyən dairlərində sərt təpki və ritorika ilə qarşılanır. Ona görə ki, hazırda ABŞ-da hakimiyyətə gələn Co Bayden administrasiyasının hakimiyyətlərinin ilk günlərindən Navalnı olayı, Türkiyəyə « S-400 » raket komplekslərini satması, Ukraynadan Krımın, Gürcüstandan Abxaziya və Şimali Osetiyanın ilhaqı, Suriya, eləcə də İraqdakı gəlişmələrlə bağlı Rusiyaya sanksiyalar tətbiq edəcəklərinə dair bəyanatlar səslənməkdədir. Belə bir məqamda iqtisadiyyatı, hətta müstəqilliyi Kremldən asılı olan marionet Ermənistan üzünü Qərbə, Amerikaya çevirməsi ilə "şimal ayısı »nın qəzəbinə tuş gələr ki, bunun da nəticəsi rəsmi İrəvanın sonu deməkdir. Bir sözlə, Türk hərbçisinin bölgədə olması, Ermənistana "soyuq duş" effekti yaşadır. Bununla belə düşmən anlamalıdır ki, inkişafına gedən yol Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdən və konstruktiv münasibətlər qurmaqdan keçir. Başqa yolu yoxdur.
Hazırladı : Ayyət Əhməd