Əli Əsədov Rusiya gedir: “...Yeni nəqliyyat erası başlayıb”

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına  rəsmi səfərə gedəcək. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək. Əlbəttə, müzakirələrin məhz indiki məqamda- Azərbaycanın öz haqq savaşını uğurla davam etdirdiyi, sərhədlərini müəyyənləşdirdiyi bir vaxtda bərpası heç də təsadüfi deyil.

 Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov səfər barədə “Sherg.az”a danışdı:

“Əslində bu, gözlənilən idi. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı bunun anonsu verilmişdi. Ümumiyyətlə, post-müharibə dövründə Azərbaycan, Rusiya və Ermənistan müxtəlif üçtərəfli müzakirələrin getdiyini görürük.

Bir çox məsələlər, o cümlədən iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizi barədə fikir mübadiləsi aparılır. Artıq regionda yeni geosiyasi və nəqliyyat erası başlayıb. Təkcə regionun deyil, həm də Avrasiyanın nəqliyyat strukturuna təsir edəcək addımlar atılır.

Fikrimcə, Azərbaycan və Rusiya arasında iqtisadi, xüsusilə, kənd təsərrüfatı sahəsində əlaqələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Hər halda Azərbaycan və Rusiya liderləri qarşılıqlı ticarət dövriyyəsini artırılmasını qarşıya məqsəd qoyublar.
Hazırkı münasibətlər bunun üçün tam münasibdir. Təkrarlayıram, yeni qarşılıqlı layihələr həyata keçirilməlidir”.