Politoloq- Tramp, Putin və Si Szinpin üçlüsünün bir araya gəlməsi dünyaya ciddi mesaj verə bilər

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin onunla görüşmək istəyini və tərəflərin belə bir görüşə hazırlaşdığını bildirib.
Tramp bunu Floridadakı iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
“O, görüşmək istəyir və biz bunun təşkilatçılığı ilə məşğuluq”, - o bildirib.
Onunla Putin və Çin lideri Si Szinpin arasında üçtərəfli görüşün mümkün olub-olmaması ilə bağlı suala isə Tramp bunun sonra müəyyənləşəcəyini bildirib.

Politoloq Turan Rzayev "Sherg.az"a söyləyib ki, ABŞ-ın Rusiya və Çinlə olan münasibətləri tamamilə bir-birindən fərqlidir:

"Donald Trampın Putinlə görüşü bəlli idi. Çünki ABŞ-nin yeni seçilmiş Prezidentinin hakimiyyətə gələndən sonra ilk etmək istədiyi işlərdən biri Rusiya-Ukrayna müharibəsini bitirməkdir. Tramp həmin siyasətçilərdəndir ki, bu savaşın bitməsini Rusiya ilə diplomatik danışıqlara başlamaqda görür. Eyni zamanda ABŞ və Rusiya arasındakı diplomatik kanalların bağlı qalması ciddi bir yanlış idi. Çünki sülh barədə danışıq olacaqsa, təmas olmalıdır. Bu olmadan, Rusiyanı nəyəsə məcbur etmək də asan məsələ deyil".

Politoloq əlavə edib ki, Tramp, Putin və Çin lideri Si Szinpin arasında üçtərəfli görüşün keçirilməsi gündəmdə deyil:
"Bu baş verərsə, ciddi rezonans doğura bilər. Eyni zamanda Tramp hələ hakimiyyətə gəlmədən çox ciddi iddialarla çıxış edib. Onun Qrenlandiya, Kanada və Panama ilə bağlı verdiyi açıqlamalar sensasion yaradıb. Ümumiyyətlə belə bir məqamda bu üçlünün bir araya gəlməsi dünyaya ciddi mesaj verə bilər".