Dmanisidəki insident təkrarlana bilər! - Maraqlı siyasi mərkəzlər “iş” başında...

“Bunlar Ermənistan, Gürcüstandakı ermənilər və Rusiyanın bəzi siyasi mərkəzləridir”

“Həmin qüvvələrə bəhanə vermək olmaz”

“Deməli, Gürcüstan məsələlərə həssas yanaşmalı və ölkəsindəki azərbaycanlıların sosial problemlərinin həllini tezləşdirməlidir”


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır. Komitə Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızla bağlı məsələlərə həssaslıqla yanaşır və onların problemlərini daim diqqət mərkəzində saxlayır. Hazırda Dövlət Komitəsinin nümayəndə heyəti qonşu ölkədə səfərdədir. Nümayəndə heyətinə Komitə sədrinin müavini Vaqif Seyidbəyov rəhbərlik edir.

Səfər çərçivəsində soydaşlarımızın kompakt yaşadığı ərazilərdə görüşlər keçirilir, onların problemləri dinlənilir, dostluq və mehribanlıq şəraitində yaşamaq, ümumi fəaliyyət göstərmək istiqamətində danışıqlar aparılır. Nümayəndə heyətinin Gürcüstanın bir sıra dövlət orqanlarında görüşləri planlaşdırılıb.

 Məlum olduğu kimi, bir neçə gün əvvəl Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava düşmüşdü. Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmişdilər.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gürcüstanda baş verən hadisələr barədə “Sherg.az”a danışdı: 

“Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Odur ki, belə məqamlar bizdə ciddi suallar yaradır. Hər halda bu, ilk belə insident deyil. Dediyim kimi, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdırsa, belə hallara yol verməməlidir”.

E.Şahinoğlu analoji hadisələrin bundan sonra da təkrarlana biləcəyini istisna etmir:

 “Gürcüstan rəsmiləri cinayətkarın tutulduğu barədə açıqlama veriblər. Amma təxribatlar yenə ola bilər. Çünki Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin pozulmasında maraqlı tərəflər var. Bunlar Ermənistan, Gürcüstandakı ermənilər və Rusiyanın bəzi siyasi mərkəzləridir. Həmin qüvvələrə bəhanə vermək olmaz. Deməli, Gürcüstan məsələlərə həssas yanaşmalı və ölkəsindəki azərbaycanlıların sosial problemlərinin həllini tezləşdirməlidir. Əks halda provokasiyalar yenə ola bilər”.