“Bu isə gələcəkdə Ermənistan dövlətçiliyinin sıradan çıxması ilə də nəticələnə bilər”
Ermənistanda növbədənkənar parlament seçkilərinə iki həftədən də az qalıb. “Gallup”un mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası respondentlərin 33,1 faiz səsini toplamışdı, Koçaryan dördüncü yerdə idi. Mayın son günlərində “Mənim addımım” partiyasının səsi 22,9 faizə düşdü, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi 17,5 faizə yüksəldi. Son sorğuda Paşinyan “yerində sayır”(22,9 faiz), Koçaryan isə irəliləyirdi (20,6 faiz)". Deməli, rəsmi İrəvanın siyasi elitasında ciddi rəqabət var.
Siyasi analitik Elçin Xalidbəyli seçkilərin nəticəsi barədə “Sherg.az”a danışdı:
“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri böyük ehtimalla bu ölkənin gələcək taleyini həll edəcək. Ən önəmli məqam odur ki, bu seçkilərin nəticələri Ermənistan vətəndaşlarından asılı deyil. Yəni seçkilərin nəticələri daha çox Rusiya, Azərbaycan və regionda maraqları olan bəzi Qərb ölkələrinin davranışlarından asılıdır. Ermənistan seçicisi səsvermə öncəsi məhz həmin xarici ölkələrin davranışları üzərindən qərar qəbul etmək məcburiyyətində qalıb. Məsələn, Rusiyanın öz maraqlarını daha qabarıq ifadə etməsi Nikol Paşinyanın və tərəfdarlarının mövqeyini gücləndirə biləcək faktordur. Çünki Rusiyanın maraqları hazırda Ermənistanın mənafeləri ilə ziddiyyət təşkil edir. Azərbaycan isə Rusiyadan fərqli olaraq, həm Paşinyanın, həm də onun siyasi rəqiblərinin mövqeyini gücləndirə və ya zəiflədə bilər. İki ölkə arasındakı sərhəd bölgəsində baş verənlərin seçkiyə təsiri də bunu təsdiqləyir. Həmin hadisələrdən sonra Paşinyan hakimiyyətinin mövqeləri ciddi şəkildə zəiflədi. Rusiya və KTMT-dən də dəstək ala bilməyən Paşinyan dərhal üzünü ABŞ və Qərbə çevirdi. Fransanı Ermənistanın əsas strateji müttəfiqi elan etdi. Bununla da Kremlin son anda öz sadiq nökəri Robert Köçəryanı dəstəkləmək qərarının üstünü açmış oldu”.
E.Xalidbəylinin fikrincə, Paşinyanın şansları daha çoxdur:
“Ona görə də indi Ermənistandakı seçkilərin ABŞ və Qərbin Rusiya ilə mübarizəsi şəraitində keçdiyini düşünmək olar. Ancaq qalibi müəyyən etmək üçün əsas mexanizmlər məhz Azərbaycanın əlində cəmləşib. Çünki rəsmi Bakının atacağı istənilən addım iddiaçıların şanslarına birbaşa təsir göstərir. Məsələn, sərhəddə baş verən son hadisələr Paşinyan düşərgəsinin şanslarını nisbətən azaldıb. Son rəy sorğularına görə Paşinyan düşərgəsi təxminən 22 faiz, Köçəryan bloku isə 20 faiz ətrafında dəstəyə malikdir.
Halbuki fevral ayında Paşinyan 35 faizə, Köçəryan isə təxminən 7 faiz dəstəyə malik idi. Bu, onu göstərir ki, Azərbaycan iddiaçılar arasında olan dəstək fərqinə ciddi şəkildə təsir göstərə bilib. Bundan sonra rəsmi Bakı sükunət vəziyyətində qalarsa, hansısa tərəf yalnız cüzi səs fərqi ilə qalib gələ bilər. Və bu baxımdan, Paşinyan düşərgəsinin cüzi səs fərqi ilə qalib gəlmək şansı hələ də qalmaqdadır”.
Analitik, həmçinin bildirdi ki, düşmən dövləti gələcəkdə böyük katakilizmlər gözləyir:
“Ancaq bu, Ermənistan üçün yeni təhlükələr də vəd edir. Çünki cüzi səs fərqi ilə qalib gəlmiş Paşinyan hakimiyyətinin mövqeləri çox zəif olacaq. Nəticədə Ermənistanda kəskin qarşıdurmalarla, toqquşmalarla müşayiət olanacaq siyasi böhranın davam etmə ehtimalı kifayət qədər yüksəkdir. Çünki məğlub tərəf qalibin qələbəsini tanımayaraq, müqavimət göstərə bilər. Bu isə siyasi xaos deməkdir. Siyasi xaos vəziyyətində zəif Paşinyan hakimiyyətinin ciddi xarici siyasət kursu tutması mümkün deyil.
Bu baxımdan Ermənistanın xarici siyasət kursu da iflasa uğraya bilər. Eyni zamanda seçkidən sonra Ermənistanın zəif hakimiyyətinin geopolitik proseslərdə əsas regional “oyunçuların” maraqları qarşısında aciz qalacağı da şübhə doğurmur. Xüsusilə də, rəsmi Bakının Ermənistana Azərbaycanın tələb və şərtlərini qəbul etdirməsi daha asan olacaq.
Və bir çox önəmli problemlərin də məhz Ermənistandakı seçkilərdən sonra həll edilə biləcəyi istisna deyil. Bütün bunları nəzərə aldıqda seçkilərdən sonra Ermənistanı daha ağır dövrün gözlədiyini düşünmək olar. Böyük ehtimalla bu seçkilər nəticəsində Ermənistandakı maliyyə-iqtisadi və sosial-siyasi böhran daha da dərinləşəcək. Ermənistan formal dövlət kimi regionun ən "zəif bəndi" olaraq qalacaq. Bu isə gələcəkdə Ermənistan dövlətçiliyinin sıradan çıxması ilə də nəticələnə bilər”.