Ermənistanın Xarici işlər naziri Ara Ayvazyandan sonra onun bütün müavinləri də tam tərkibdə istefa verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazir müavinləri keçən həftə Baş nazirin ofisinə istefa ərizələrini təqdim ediblər. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da artıq istefa ərizəsini yazıb.
Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini, siyasi şərhçi Elxan Şükürlü “Sherg.az”a bildirib ki, dünəndən etibarən Ermənistanda iyunun 20-də keçiriləcək seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyası başlayıb:
“Yəni tərəflərin hamısı son “güllələrini” işə salıblar. İndiyə qədər bir-birinə qarşı nə deyəcəkdilərsə, indi onu tətbiq etməyə başlayıblar. Revanşistlərin də istəklərindən biri Paşinyanın təslimçi sülhə hazırlaşdığı görüntüsünü yaratmaq, onu İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham etməkdir.
Ara Ayvazyan da revanşistləri təmsil edir və Paşinyana qarşı sərt mövqe sərgiləyir. İndi isə o və komandası istefa verərək, ilk növbədə Paşinyanı ictimai rəydə gözdən salmağa çalışırlar. Göstərirlər ki, Paşinyan ölkənin maraqlarını müdafiə edə bilmir.
Məlumdur ki, Paşinyan seçkidə qalib gələcəyi təqdirdə Azərbaycanla imzalanmış atəşkəs razılaşmasının müddəalarını yerinə yetirməyə başlayacaq. Bu da Ermənistan cəmiyyətində, xüsusilə revanşist təbəqədə təslimçi əhval-ruhiyyə kimi qəbul olunur.
Ona görə də istefa verənlər bu məsuliyyəti Paşinyanın üzərinə ataraq, özləri prosesdə iştirak etmək istəmirlər”.