İranda heç bir dəyişiklik gözlənilmir
Ancaq Ermənistandakı seçkilər bölgədəki vəziyyətə təsir edəcək
Məlum olduğu kimi, bu ay iki gün fərqlə həm Ermənistanda, həm də İranda seçkilər keçiriləcək. İranda iyun ayının 18-də prezident seçkiləri baş tutacaq ki, bu da 13-cü prezident seçkisi olacaq. Ermənistanda isə bundan düz iki gün sonra, yəni iyunun 20-də növbədənkənar parlament seçkiləri təşkil olunacaq. Ermənistanda baş tutacaq budəfəki seçkilərin fərqliliyi ondadır ki, orada bütün keçmiş prezidentlər seçkidə iştirak edəcək. Qeyd edək ki, qonşu dövlət İrandan fərqli olaraq Ermənistanda hazırda təşviqat kampaniyası çox gərginlik və ciddi qalmaqallarla müşahidə olunmaqdadır. Ümumiyyətlə, bu iki ölkədə keçiriləcək seçkilərin nəticələri Cənubi Qafqazdakı, xüsusən Qarabağ ətrafındakı proseslərə necə təsir göstərəcək?
Məsələni "Şərq"ə şərh edən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, açığı, Ermənistanda vəziyyət çox mürəkkəbdir və seçkinin nəticələri də hansısa siyasi güc mərkəzinin birmənalı üstünlüyünü təmin edə bilməyəcək. Politoloq qeyd edib ki, ancaq İranda vəziyyət bir qədər fərqlidir:
"Bilirsiniz ki, seçkidə təkcə Ermənistan daxilində olan siyasi mərkəzlərin mübarizəsi deyil, onların arxasında duran, pərdə arxasında fəaliyyət göstərən qlobal güclərin mübarizəsidir. Düşünürəm ki, bu proses hələ bir müddət Ermənistanda davam edəcək. Ayrıca, bir şeyi də diqqətdən qaçırmayaq ki, Ermənistan toplumunun bu gün ən böyük bəlası ondan ibarətdir ki, bu toplum artıq parçalanmış vəziyyətdədir. Toplum demək olar ki, müxtəlif qütblərə bölünüb. Bu da konkret bir ideya uğrunda cəmiyyəti yaxın zaman perspektivində toparlamağın mümkün olmayacağını göstərir. Yəni bir ölkə üçün bu, ən arzuolunmaz situasiyadır. Belə bir vəziyyətdə hakimiyyətdə hər hansı siyasi gücün olmasından asılı olmayaraq ölkə üçün ən strateji qərarları vermək belə çətin olur. Çünki qarşı tərəfdə təxminən qalib tərəfə bərabər şəkildə siyasilər mövcud olur ki, onlar da hər zaman siyasi hakimiyyətdə, eyni zamanda proseslərdə olan boşluğu doldurmağa çalışırlar. Və bunu əlbəttə ki, siyasi hakimiyyətinin əleyhinə istifadə edirlər. Yaxın gələcəkdə də güclü bir hakimiyyətin mövcudluğunu Ermənistanda görmək, hesab edirəm ki, problematikdir. Yəni yaxın zaman çərçivəsində Ermənistanı toparlamaq çətindir. Əlbəttə ki, belə bir qeyri-stabil qonşunun mövcud olması, xüsusilə də bu qonşunun Azərbaycana düşmən səviyyəsində olması Azərbaycan dövləti üçün arzuolunan bir situasiya deyil. Ona görə də "Bu, Azərbaycana hansı perspektivi vəd edir" sualına birmənalı olaraq belə cavab vermək olar ki, Azərbaycanın hər zaman əli tətikdə olmalıdır. Azərbaycan qalib, güclənən durumunu və ayıq-sayıqlığını heç bir zaman əldən verməməlidir. Çünki hiyləgər düşmənlə qonşudur, onla üz-üzədir. Bu hiyləgər qonşunun arxasında regionda geosiyasi maraqları olan qlobal güclər var. Ona görə də belə bir vəziyyətin, Azərbaycanın xeyrinə olmadığını hər zaman Azərbaycan dövləti və cəmiyyəti anlamalı və buna uyğun davranmalıdır. İkinci bir məsələ isə İran məsələsidir. Bilirsiniz ki, İran Azərbaycana dost bir ölkə deyil, baxmayaraq ki, bir müsəlman ölkəsidir".
Politoloq əlavə edib ki, biz fəaliyyətdə milliyyətçi, şovinist siyasət yürüdən bir dövlətlə qonşuyuq:
"Bu dövlət bilirsiniz ki, heç bir zaman Azərbaycana və türk dünyasına dost olmadı. Ona görə də mütləq mənada Azərbaycan güclü olmaq məcburiyyətindədir. Ayrıca bildiyiniz kimi, İranda seçki prosesində islahatlar adına iştirak edəcək namizədlərə süni əngəllər yaradıldı. Bu da əslində mühafizəkar qanadın qalib gəlməsinə yol açdı. Yəni heç bir zaman İranda demokratik seçki prosesi olmayıb. Düşünürəm ki, bu idarəetmə, rejim və bu fəlsəfəylə heç bir zaman da olmayacaq. Bu da açığı, yaxın zaman perspektivində qonşu ölkələr, eyni zamanda qlobal dünya üçün arzuolunmayan bir İran vədidir. Çünki bundan qabaqkı hakimiyyət bütün səhvlərinə rəğmən bütün dünyaya açıq, hətta rəqiblərinə onlarla danışmağa açıq olan bir hökuməti görürdük. Qeyd edim ki, bu hökumət hətta nüvə anlaşmasını, özünün düşməni saydığı Amerika Birləşmiş Ştatları ilə bağlaya bilmişdi və bu günün özündə yenidən nüvə anlaşmasının razılaşdırması məsələsi an məsələsidir. Ancaq gələcək perspektivlərdə mühafizəkarlar qalib gələrsə, bu həm Azərbaycan, həm region, həm də qlobal dünya üçün heç də xoş mənzərə yaratmayacaq. Buna görə də bu cür düşmən dövlətlər çərçivəsində Azərbaycan mütləq mənada güclü olmaq məcburiyyətindədir. Bu region elə bir həssas regiondur ki, burda güclü olmayan və yaxud da ki, güclü qlobal havadarları olmayan ölkə ayaqda dura bilmir. Buna görə də Azərbaycan qardaş Türkiyə ilə, eyni zamanda bütün türk cümhuriyyətləri ilə böyük bir güc mərkəzi yaratmaq ideologiyasında olmalıdır. Çünki Azərbaycanın başqa alternativləri yoxdur. Bunun üçün də münbit mühit var. Bu gün yenidən türk dünyasının toparlanması prosesi gedir. Fikir verirsinizsə, bu proses nə qədər sürətli və intensiv olmasa belə həm regionda, həm də qlobal səviyyədə bir çox güc mərkəzlərində artıq narahatlıq yarada bilib. Ona görə də düşünürəm ki, əgər bu narahatlıq varsa, demək ki, doğru yerdəyik və doğru qərarların icra mərhələsindəyik. Məhz bu xüsusda düşünürəm ki, Azərbaycan və qardaş Türkiyə öndərlik etməklə, bu prosesi gücləndirməlidir. Biz belə bir yerdə olduğumuz təqdirdə əmin olun ki, onda bütün dünya gücləri üçün çəkindirici güc ola biləcəyik. Bu formul mənə elə gəlir ki, ən doğru və həlledicidir".
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, istənilən bir regionda baş tutan seçkilərin istər-istəməz regiona təsiri var. Ancaq İran və Ermənistandakı seçkilərin regiona tam həlledici taleyüklü bir təsiri olacağını düşünmür:
"Çünki nə İranın, nə də Ermənistanın regiona elə güclü təsirləri yoxdur.
Düzdür, İran regionun önəmli ölkələrindəndir. Ancaq bu faktdır ki, İran Cənubi Qafqaz məsələlərində oyundan kənar vəziyyətdə qalıb. Ümumi Cənubi Qafqazda Qarabağ konfliktinə baxsaq görərik ki, İran seçkilərinin bizim Ermənistanla olan müharibə və müharibədəki vəziyyətimizə o qədər də ciddi təsirləri olmayacaq. Amma təbii ki, hər hansı bir təsirlərinin olması da istisna deyil. Hesab edirəm ki, Ermənistandakı seçkilərin daha çox təsiri ola bilər.
Çünki Ermənistanda seçkilərdə kimin qalib gəlməsi sual altındadır. Düşünmürəm ki, Ermənistanda qalib gələcək siyasi lider Azərbaycanla müharibə etsin. Çünki bunlara birinci gücləri yoxdur, ikincisi də ki, Rusiya icazə verməz".
Ə.Məmmədli hesab edir ki, Azərbaycanla növbəti müharibə edəcək yalnız bir lider var: "O da yenə Paşinyandır. Çünki Paşinyan Rusiyanın maraqlarına cavab vermir. Ancaq Koçaryan və yaxud da Rusiyanın təsiri altında olan bir lider seçilərsə, o zaman müharibə olmayacaq. Çünki Cənubi Qafqazda yeni müharibə Rusiyanın maraqlarına cavab vermir. Paşinyan bir qərb layihəsi olduğu üçün onu hakimiyyətə gətirənlər növbəti tapşırıq verə bilər. Məsələn, Rusiya sülhməramlıları öhdəliyini yerinə yetirə bilmir və Qarabağda Rusiya prosesə nəzarət edə bilmir. Azərbaycana qarşı hər hansı bir provakativ, təxribatçı addımlar ata bilərlər. Əslində bu, Azərbaycanın maraqlarına cavab verir. Hesab edirəm ki, Azərbaycan Ermənistandakı olan qarşıdurmadan maksimum yararlanmağa çalışmalıdır.
Nə qədər ki, Türkiyədə R.T.Ərdoğan prezidentdir, Azərbaycan bundan yaxşı mənada istifadə etməlidir. Həmçinin, nə vaxta qədər Paşinyan Ermənistanda baş nazir olacaq, onun səhvlərini Azərbaycan öz xeyrinə çevirməlidir. Ermənistanı məcbur etməliyik ki, sülh müqaviləsi bağlasın və rəsmən Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləsin".