Avrasiyada yeni əməkdaşlıq platformasının əsası qoyulur

Çin-Azərbaycan münasibətləri hər iki ölkənin milli maraqlarına cavab verir


“XXI əsrdə yeni dünya düzəninin reallıqları milli dövlətlər üçün çoxşaxəli əməkdaşlıq münasibətlərinin inkişafını zəruri edir. Bu kontekstdə geostrateji güc mərkəzlərinin siyasi-iqtisadi əlaqələrini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb etməkdədir. Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin inkişaf dinamikası Avrasiyada geostrateji proseslərə təsir edəcək mühüm amildir”. 

Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloq bildirib ki, regional supergüc olan Çinlə Azərbaycan əməkdaşlığa mühüm önəm verir: “Çin də öz növbəsində Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla münasibətlərin inkişafını əhəmiyyətli hesab edir. Çin Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaradan Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş kimi dəstəyini yüksək qiymətləndirir.

Yeri gəlmişkən, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutan telefon söhbəti zamanı ifadə olunan fikirlər iki ölkənin müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlərin inkişafında və daha da möhkəmləndirilməsində maraqlı olduqlarını göstərir”. 

Nurlan Qələndərlinin sözlərinə görə, Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli-strateji maraqlarına cavab verməklə yanaşı, Avrasiyada yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır:

“Siyasi, iqtisadi, nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edən hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsi, əməkdaşlığı dərinləşdirməsi və qarşılıqlı dəstəyi artırması tərəflər üçün vacib əhəmiyyətə malikdir. Bununla yanaşı, Avrasiyada strateji inteqrasiyanın sürətlənməsinə töhfə ola bilər. Xüsusilə də, Azərbaycan ilə Çinin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsi və mövcud imkanlardan faydalanması yeni siyasi-iqtisadi dividendlər vəd edir”.