“Hətta ABŞ-ın Ermənistandakı səfirliyi də öz vətəndaşlarını yaxın iki həftə ərzində ehtiyatlı olmağa çağırıb”
“Belə anlaşılır ki, Ermənistanda daxili silahlı toqquşmalar, qanlı hadisələr baş verə bilər”
“Savaşdan sonra müxtəlif qruplaşmaların əlində çoxlu odlu silahın toplanması da belə bir təhlükənin real olduğunu göstərir”
Dünən Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın açıqlaması böyük marağa səbəb olub. Sarkisyan Qarabağda hərbi əməliyyatların bitməsindən 8 ay keçməsinə rəğmən hələ də itkilər və əsirlər barədə xəbərsiz olduqlarını deyib: “Bundan daha biabırçı vəziyyət ola bilməz. Bu təkcə əsir və itkin düşənlərə yox, həmçinin bütün hərbi forma geyinənlərə qarşı böyük cinayətdir”.
Sarkisyan söyləyib ki, müharibədə həlak olanlardan, əsir və itkin düşənlərə qədər bütün məlumatlar saxtalaşdırılıb:
“Səhiyyə Nazirliyi həlak olanlarla bağlı rəqəmləri açıqladı. Eyni zamanda Hərbi Sığorta Fondu apreldə hökumətə təqdim etdiyi siyahıda itkin düşənlərin sayının 1064 nəfər olduğunu bildirdi. Bu insanlıqdan kənar əclaf isə (Paşinyan nəzərdə tutlur) parlamentdə çıxış edərkən itkin düşənlərin sayının 321 nəfər olduğunu deyir. Bundan sonra onları necə adlandırmalıyıq?”.
Sarkisyan həmçinin telefonunda hökumətin saxtakarlığını sübut edən kifayət qədər materialın olduğunu deyib.
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəylinin “Sherg.az”a açıqlamasına görə, Ermənistanda hazırda baş verənlərin hamısı növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Analitik qeyd edib ki, iddiaçıların açıqlamaları da seçici səslərinin artırılmasına hesablanıb:
“Bu baxımdan, keçmiş prezident və hərbi cinayətkar Serj Sarkisyanın açıqlamaları da qətiyyən istisna deyil.
Əslində, S.Sarkisyanı müharibədə itkin düşən erməni əsgərlərin sayı və onların taleyi qətiyyən maraqlandırmır. Əsas məqsəd Nikol Paşinyanın seçilməsinə əngəl törətmək, onun əvəzinə “Qarabağ klanı”nın təmsilçilərindən birinin hakimiyyətə gəlməsini təmin etməkdir.
Bir müddət öncə də S.Sarkisyan N.Paşinyanın əleyhinə audioyazı açıqlamışdı. Onu II Qarabağ savaşındakı məğlubiyyətin əsas günahkarı rolunda təqdim etməyə çalışmışdı. Ancaq sonradan məlum oldu ki, həmin audiayazı əslində, N.Paşinyanın maraqlarına daha çox cavab verir. Onun reytinqinin yüksəlməsinə səbəb olur.
Eyni zamanda, digər keçmiş prezident, hərbi cinayətkar Robert Köçəryan da təxminən oxşar məzmunlu açıqlamalar verir. Hətta Şuşanı və Hadrutu geri alacağını da iddia edir. Bütün bunlar populist, reallıqdan uzaq və yalnız seçkilərə hesablanmış açıqlamalardır. Ermənistanda dərin nifrət qazanmış “Qarabağ klanı”nın təmsilçiləri, xüsusilə də, Köçəryan-Sarkisyan cütlüyü hazırda erməni xalqının hissləri ilə manipulyasiya edib, hakimiyyəti yenidən ələ keçirməyə çalışırlar”.
E.Xalidbəyli vurğulayıb ki, Ermənistanda yeganə təcrübəli və realist siyasətçi kimi yalnız keçmiş prezident Levon Ter-Petrosyan diqqəti cəlb edir:
“Yalnız L.Ter-Petrosyan reallığı anlayır və onu olduğu kimi cəmiyyətə çatdırmağa çalışır. O, erməni xalqını “hər şey bitdi” tezisi ilə xəyallardan ayılmağa çağırır.
Belə açıqlamalar yəqin ki, seçkilərə qədər davam edəcək. Hazırda Ermənistanda Rusiyameylli “Qarabağ klanı” ilə Qərbə bağlı N.Paşinyanın siyasi qruplaşması arasında ölüm-qalım savaşı gedir. Böyük ehtimalla seçkidən sonra tərəflərdən heç birisi rəqibin qələbəsini və özünün məğlubiyyətini qəbul etməyəcək.
Nəticədə seçkidlərdən sonra Ermənistanda uzunmüddətli küçə toqquşmaları və xaos qətiyyən istisna deyil.
Hətta ABŞ-ın Ermənistandakı səfirliyi də öz vətəndaşlarını yaxın iki həftə ərzində ehtiyatlı olmağa çağırıb. Belə anlaşılır ki, Ermənistanda daxili silahlı toqquşmalar, qanlı hadisələr baş verə bilər. Savaşdan sonra müxtəlif qruplaşmaların əlində çoxlu odlu silahın toplanması da belə bir təhlükənin real olduğunu göstərir.
Bütün bunlar onu göstərir ki, hazırda Sarkisyan-Köçəryan cütlüyünün verdiyi açıqlamalar seçkisonrası toqquşmalara hazırlıq xarakteri də daşıya bilər. Onu da qeyd etmək lazımdır ki, bu daxili hakimiyyət savaşında məğlub olan tərəfin fiziki cəhətdən məhv edilə biləcəyi də qətiyyən istisna deyil. Ən yaxşı halda daxili hakimiyyət mübarizəsinin məğlubları ömürlərinin qalan hissəsini həbsxanalarda keçirməli ola bilərlər”.