Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən uzun zamandır müzakirə edilən “altılıq platdorması” barədə danışdı. Dövlət başçısı bu layihənin region üçün əhəmiyyətini vurğulayaraq hələlik dekonstruktiv mövqe sərgiləyən tərəflərə, o cümlədən Ermənistana müraciət etdi. Ərdoğanın bu mesajından nəticə çıxarmaq isə onların özlərinə qalıb.
Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında bildirdi ki, “altılıq platforması”nın təşkili tam real məsələdir:
“Tərəddüddə olan dövlətlər İran və Ermənistandır. Amma fikrimcə, nə Tehran, nə də İrəvan regional layihədən kənarda qalmaq istəyəcək. Onlar da gec-tez buna razı olacaqlar. Ermənistan bunu etməsə, dövlətçiliyinin sonu olacaq. Çünki iqtisadi cəhətdən özünü qorumaq qüdrətinə malik deyil. Qonşu ölkələrlə əlaqəni kəssə, bu, ona baha başa gələcək: təcrid olunacaq, blokadaya düşəcək”.
T.Rzayev dedi ki, Ermənistandakı seçkilərdən sonra bu istiqamətdə addımlar atılacaq:
“Köçəryan seçilsə, Rusiyanın təzyiqi ilə kommunikasiya xəttlərinin açılmasına razı olacaq. Paşinyan isə ölkəsinin gələcəyi naminə loyal siyasət yeridəcək. Dediyim kimi, əks halda Ermənistanın işi çox çətin olacaq”.