"O ermənilərə izah edir ki, Ermənistanın dövlət kimi bu regionda yaşamasının yeganə yolu öz qonşuları ilə normal münasibətlər qurmaqdan keçir".
"Türkiyə və Azərbaycanla əbədi düşmənçilik isə erməni xalqını daha böyük faciələrə aparıb çıxaracaq"
Ermənistanda yavaş-yavaş Qarabağ gerçəklərini anlama başlayırlar. Başa düşürlər ki, müharibə darmadağınla bitib, bir daha torpaq iddiasına düşməyə dəyməz. Ermənistanın ilk prezidenti də bu fikirdədir. Levon Ter-Petrosyan bundan sonra Ermənistandan və ermənilərdən asılı bir şey qalmadığını deyib.
Onun fikrincə, daha müharibədən danışmağa dəyməz: “İndi Əliyevdən təhlükə yoxdur. Sülh yaranıb, Rusiya qoşunları dayanıb və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, amma Əliyevlə, Türkiyə ilə hansısa şəkildə dil tapmaq lazımdır. Qonşular əbədi düşmən ola bilməzlər”.
Petrosyan həmçinin söyləyib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir:
“Azərbaycan yalnız ərazisini bərpa etdi, heç kim onu ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”.
“Virtualaz.org” saytının redaktoru, təhlilçi-jurnalist Fərhad Məmmədov Ermənistandakı mövcud sosial-siyasi vəziyyət, Petrosyanın etirafları və yaxın günlərdə keçiriləcək seçkilərə dair fikirlərini “Sherg.az”la bölüşüb:
“Levon Ter-Petrosyan 1990-cı illərin əvvəllərində Ermənistanın prezidenti kimi Azərbaycan ərazilərinin işğalına rəhbərlik etmiş şəxs olsa da, Qarabağ məsələsinin, bu işğalı legitimləşdirmək siyasətinin erməni xalqı üçün hansı faciələrə gətirib çıxaracağını ən tez dərk edən, bu haqda erməni xalqını xəbərdar edən siyasətçidir.
Məhz bu səbəbdən 1998-ci ildə indi yenidən Ermənistanda hakimiyyətə can atan Robert Köçəryan və hərbi canilərdən ibarət olan, “Qarabağ klanı” adlandırılan keçmiş səhra komandirləri onu devirdilər.
İndi Ermənistanın sarsıdıcı məğlubiyyətə düçar olduğu günlərdə də Petrosyan erməni xalqına düşdüyü quyudan çıxmağın yeganə yolunu göstərir. Ona izah etməyə çalışır ki, artıq reallığı qəbul etmək və “artsax” ideyasından imtina etmək lazımdır.
Və izah edir ki, Ermənistanın dövlət kimi bu regionda yaşamasının yeganə yolu öz qonşuları ilə normal münasibətlər qurmaqdan keçir, Türkiyə və Azərbaycanla əbədi düşmənçilik isə erməni xalqını daha böyük faciələrə aparıb çıxaracaq.
Lakin qeyd etmək lazımdır ki, Petrosyan kimi düşünən siyasətçilər, yaxud düşüncəsini bu cür açıq ifadə etmək cəsarətini özündə tapanlar Ermənistanda bu məğlubiyyətdən sonra bir qədər artsa da hələ də kəskin azlıqda qalmaqdadır. Bu baxımdan Petrosyanın çıxışları maraqlıdır, amma Ermənistanda onun dediklərinin ciddi çəkiyə malik olmadığını da vurğulamaq lazımdır.
Petrosyanın Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə gəlincə, F.Məmmədov bildirib ki, onun nə dərəcədə səmimi olduğunu bir kənara qoyaraq bunu vurğulamaq lazımdır ki, dedikləri sadəcə olaraq reallıqdır:
“Yəni obyektiv reallığı dərk edən, yaranmış beynəlxalq situasiyanı, onun uzunmüddətli inkişaf ssenarilərini təhlil etmək qabiliyyətində olan erməni siyasətçisi olaraq keçmiş prezident öz xalqını onu böyük milli faciələrə sürükləmiş ideyalardan əl çəkməyə, başqa ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri hesabına öz ərazilərini genişləndirmək cəhdlərinin iflasa uğradığını dərk etməyə çağırır. Bütün dünya onsuz da Qarabağı və onun dağlıq hissəsini Azərbaycanın ərazisi kimi tanıyırdı. Müharibədən, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsindən sonra isə ümumiyyətlə bu məsələdə hansısa digər mövqe ola bilməz, mümkün deyil. İndi azad edilmiş ərazilər və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilər var. Ermənistanda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan əraziləri üzərindən yenə də hansısa xəyallar quranlar varsa, Petrosyanın çıxışları belələri üçün ayıldıcı təsir bağışlamalıdır. Amma yenə də vurğulamaq lazım gəlir ki, erməni xalqının və siyasi elitasının hələ də obyektiv reallığı dərk etmək istəmədiyinin əlamətlərini görürük”.
Müsahibimiz Ermənistandakı seçkilərlə bağlı məqamlara da toxunub:
“GALLUP beynəlxalq assosiasiyasının son rəy sorğusuna əsasən Köçəryanın “Ermənistan” bloku 30 faizə yaxın səslə seçkilərin favoritidir. Hərçənd bu rəy sorğusunun nə dərəcədə obyektiv olduğu məlum deyil. Bununla belə Paşinyanın reytinqinin seçki kampaniyası ərzində kəskin aşağı düşdüyü, Köçəryanın reytinqinin yüksəldiyi şübhə doğurmur. Lakin Köçəryan qalib gəlsə də, hökuməti təkbaşına formalaşdıracaq dəstəyə malik olmayacaq və görünür koalision hökumət formalaşdırmalı olacaq. Rusiya birbaşa olmasa da, öz təsir rıçaqları ilə Köçəryanı dəstəkləyir.
Eləcə də keçmiş milli təhlükəsizlik xidməti rəhbəri Artur Vanetsyanın digər keçmiş prezident Serj Sərkisyanın partiyası ilə yaratdığı blok üçüncü yerə iddiaçı kimi görünür. Ehtimal ki, mümkün koalisiya məhz Köçəryanla Vanetsyan arasında ola bilər. Onların hər ikisi Rusiyaya yaxındır və beləliklə, bu seçkilərdə birmənalı olaraq Rusiyaya sadiq hökumətin formalaşması gözləniləndir. Seçkisonrası iğtişaşlar və vətəndaş müharibəsi başlamasa...”.
“ “Qarabağ klanı”nın seçilmə ehtimalı varmı?” sualına gəlincə təhlilçi vurğulayıb ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, 10 noyabr üçtərəfli bəyanatına əməl etməyə məcburdur:
“Çünki bu bəyanatın yerinə yetirilməsinin təminatçısı Rusiyadır. Uzunmüddətli perspektivlərə gəldikdə isə, mümkündür ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa can atan qüvvələr gələcəkdə hansısa revanş fikrinə düşə bilərlər. Söhbət hərbi yox, siyasi revanşdan gedə bilər. Çünki Ermənistanın revanş üçün hərbi potensialı yoxdur, Azərbaycanın artan gücünü nəzərə alanda çox güman ki, heç vaxt da olmayacaq”.
Sarkisyan “Müharibədə həlak olanlardan, əsir və itkin düşənlərə qədər bütün məlumatlar saxtalaşdırılıb. İtkin düşənlərin sayı 1064 nəfər olsa da, Paşinyan 321 nəfər olduğunu deyir ” iddiasına toxunan F.Məmmədov qeyd edib ki, Sarkisyanın məqsədi Paşinyanı mümkün qədər nüfuzdan salmaq, onu ifşa etməkdir.