“Qarabağ mövzusu beynəlxalq “oyunçuların” gündəmindən çıxıb”

Xarici işlər naziri Ceyhun Bayramov “Antalya Diplomatiya Forumu” çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb. Bu barədə XİN məlumat yayıb. Görüşdə BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Görüş zamanı nazir post-münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib.
O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədəki yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.



 Politoloq İlqar Vəlizadə görüşün əhəmiyyəti barədə “Sherg.az”a danışdı: 

“Qarabağ mövzusu artıq beynəlxalq “oyunçuların” gündəmindən çıxıb. Çünki hər kəs məsələnin həll olunduğunu qəbul edir. Və bu o deməkdir ki, münaqişənin yenidən alovlanması ehtimalı da çox azdır.

Danışıqlar, o cümlədən Ceyhun Bayramovla BMT rəsmisinin görüşü post-konflikt dövründə hadisələrin konstruktiv məcrada inkişafı ilə bağlıdır.
Azərbaycan kimi BMT də münaqişənin tarixdə qalmasını və bundan sonrakı gündəmin ancaq post-konflikt mərhələsinə aid olmasını istəyir”.