Bu gün Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri maraqlı “sürprizlər”lə zəngin olacaq. Bunu seçkiqabağı təbliğat-təşviqat mühiti də deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, 44 günlük müharibəsində məğlubiyyətdən sonra imzalanan kapitulyasiya aktından sonra növbədənkənar seçkilərin keçirilməsi barədə yerli parlamentin qərarı elan olunan vaxtdan müxtəlif qütblü siyasi güclər arasındakı mövcud antaqonist ziddiyyətlər o dərəcədə kəskinləşib ki, buna, hərfi mənada “səngərsiz müharibə” demək olar.
Ölkədə seçkiqabağı kampaniyaya rəsmən start verildikdən az sonra məlum oldu ki, kampaniyaya qatılan “siyasi güc”lərin və onların gələcəkdə baş nazir postunda görmək istədiyi şəxslərin öz platformalarını elan etmək üçün hansısa standartları mövcud deyil. Yerli politexnoloq Viqen Haqobyan yaranmış vəziyyəti belə ifadə edir: “Seçkidə iştirak edənlər arasındakı mübarizə həyat yox, ölüm mübarizəsidir. Bu qeyri-adi seçki yalnız şəxsi təhlükəsizlik məsələsidir”.
Ermənistanın xilası seçkilərdə kimin qalib gələcəyindən deyil, təcavüzkar siyasətdən, Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarından əl çəkməkdən, regional əməkdaşlıq proseslərinə qoşulmaqdan və yeni reallıqlarla hesablaşmaqdan asılıdır. Onlar ölkəni düşdüyü bataqlıqdan yalnız bu halda çıxara bilərlər.