"Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən bir neçə gün sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu. Demokratiyalarda belə hallar da baş verir. Tərsi isə özünü əksər hallarda doğruldur, yəni istənilən ölkənin lideri müharibədə məğlub olduğu halda növbəti seçkidə məğlubiyyətlə üzləşir. Ancaq Ermənistandakı son parlament seçkisi istisna idi. Çünki Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı".
Bu barədə "Sherg.az"a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib:
"Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşməsinə və ölkəsinin verdiyi itkilərə baxmayaraq onun rəhbərlik etdiyi “Vətəndaş razılaşması” partiyasının parlament seçkisindəki qələbəsi və yenə hökuməti formalaşdıracağı nə deməkdir?
Birincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.
İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə “Qarabağ klanına” “yox” deməklə həm də Rusiyaya “yox” dedi.
Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər.
Rusiya birmənalı Nikol Paşinyanın rəqibi Robert Köçəryanı dəstəkləyirdi. Seçki kampaniyası başladıqdan sonra Köçəryan Moskvaya çağrıldı. O Rusiyanın dövlət televiziya kanalına geniiş müsahibə verdikdən sonra Kreml sahibi Vladimir Putinlə bir saat müzakirə apardı. Köçəryan bu söhbətdən sonra Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı. Köçəryan seçki kampaniyası dövründə ikinci dəfə də Vladimir Putinlə telefonla danışdı.
Rusiyadakı mərkəzlər Köçəryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. Hətta iş o yerə çatdı ki, Rusiyada hazırlanan sorğularda Köçəryanın blokunun Paşinyanın blokunu üstələdiyi barədə saxta sorğular yayınlanırdı. Bunun da köməyi olmadı. Çünki Köçəryan fiqurunun özü erməniləri qorxudurdu. Köçəryan seçki kampaniyası dövründə “Şuşa və Hadrutu geri qaytaracam” deməklə ən böyük səhvini etdi. Çünki, “Şuşa və Hadrutun” geri qaytarılması itki verən ermənilər üçün yeni müharibə demək olacaqdı. Ermənilər isə artıq müharibə istəmir və ona görə bu “çağırışı” səsləndirən siyasətçini hakimiyyətə gətirmək istəmədilər. Bundan başqa Nikol Paşinyanın çox səs qazanmasında Bakı + Ankara + Tiflis + Vaşinqton + Brüssel kombinasiyasının da rolu oldu. Seçkiyə bir neçə gün qalmış rəsmi Bakı Ağdam ətrafında mina xəritəsinin təqdim edilməsi müqabilində 15 erməni ölkəsinə təhvil verildi. Bu Ermənistan əhalisinə mesaj idi ki, Paşinyan hakimiyyətinə davam edərsə ermənilərin bir qisminin də geri qaytarılması mümkündür. Misal üçün Köçəryanın baş nazir seçilməsiylə bu proses dayandırıla bilərdi. Bunu isə ermənilər istəmirdilər.
Beləliklə, Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq".
Ekspert diqqətə çatdırıb ki, Robert Köçəryan hələ ki, seçkinin nəticəsini tanımır. Ancaq o buna məcbur qalacaq:
"Paşinyanı qələbə münasibətilə Qərb ölkələri, beynəlxalq təşkilatlar, sonda isə Rusiya təbrik etdikdən sonra Köçəryanın mövcud reallığı qəbul etməkdən başqa alternativi qalmayacaq. Köçəryan ölkəni qarışdırmaq və çevriliş barədə düşünürsə nəticə onun və Ermənistanın xeyrinə olmayacaq.
Buna baxmayaraq, Robert Köçəryan müəyyən fasilədən sonra siyasətə qayıtdı. Bu da onun üçün müəyyən nəticədir. Ötən dəfəkindən fərqli olaraq bu dəfə Ermənistan parlamentində müxalifət qismində “Qarabağ klanı” çıxış edəcək. Yəni “Qarabağ klanı” Köçəryanln liderliyində yenidən Ermənistan siyasətinə qayıtdı. Rusiya üçün Ermənistanda indiki şərtlər altında bu da bir nəticədir. Moskva Robet Köçəryanı baş nazir kürsüsünə otuzdura bilməsə də, onu ən azı həbsdən çıxartdıraraq parlamentdə ana müxalifətin lideri kürsüsünə otuzdura bildi. Kreml bundan sonra Ermənistanda yenə zamana işləyəcək və Paşinyanın büdrəməsini gözləyəcək".
E.Şahinoğlunun sözlərin görə, Azərbaycan üçün isə əsas sual budur: Rəsmi Bakı Nikol Paşinyanın yeni hökuməti ilə münasibətləri hansı əsasda qurmalıdır? Bu Paşinyanın quracağı hökümətin tərkibindən və atacağı addımlardan asılı olacaq:
"Paşinyan yeni hökumətində revanşist baxışlara malik siyasətçilərə və diplomatlara yer verməməlidir. Bu onun özü üçün faydalıdır. Paşinyan Azərbaycana tərəf bir addım atacağı halda Bakı qarşılıqlı addım atmağa hazır olacaq. Misal üçün Paşinyan seçkidən öncə iki vəd verib: “Əsirlərin hamısını geri qaytaracam”, “Minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytaracam”. Birinci məsələnin həlli ikincidən bilavasitə asılıdır. Ancaq xəritələr bu dəfə yoxlanılmalıdır. Çünki Ağdam ətrafındakı minalanmış ərazilərin xəritəsiylə bağlı ciddi suallar yaranıb. Digər tərəfdən xəritə + əsir kombinasıyasında Gürcüstanın vasitəçilyinin həlledici rolu oldu. Ermənistan və Azərbaycan Gürcüstanın vasitəçilik imkanlarından gələcəkdə də istifadə etməlidirlər. Bu Rusiyanın bölgədəki təsir imkanlarının azaldılmasında həlledici rol oynaya bilər. Gürcüstanın vasitəçilik imkanlarının artması Azərbaycan və Ermənistanla yanaşı Qərbin və Türkiyənin də xeyrinədir. Nikol Paşinyan bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, iki addımı atmağa da hazır olmalıdır:
Birincisi, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalıdır; İkincisi, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Paşinyanın atacağı bu iki addımın qarşılığında Azərbaycan-Ermənistan sərhədinin demilitasiyasının və demarkasiyasının sürəti artacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, İrəvanın Türkiyə və Azərbaycanla diplomatik münaqsibətlər qurması üçün perspektivi yaranacaq, Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq. Bütün bunların fonunda Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə görüşü ehtimalı artacaq".