Şuşa Bəyannaməsi fərqli mənzərə yaradıb

"Orta Asiyanın ən güclü dövləti - Qazaxıstan da bu prosesdə aktiv rol almaq istəyir"


Dünən Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin müavini, Xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkilərək, prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulanıb. Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olunub. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirilib. Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edilib. Pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümid edildiyi ifadə olunub. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğu məmnunluqla qeyd edilib. Muxtar Tleuberdi də öz növbəsində ikili əlaqələrdən məmnunluq ifadə edib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qələbə münasibətilə Prezidenti və Azərbaycan xalqını təbrik edib. Qonaq qələbənin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib. 

Qazaxıstan Baş nazirinin müavini, Xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb. Daha sonra mətbuat konfransı keçirilib. Nazir bildirib ki, Xəzər dənizi Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq dənizi olaraq hər zaman gündəmimizin vacib elementi olub: “Qazaxıstanlı həmkarımızla görüşdə 2018-ci ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Aktau şəhərində beşinci zirvə toplantısında əldə edilmiş nəticə xüsusilə qeyd olunub. Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi, ölkələrin mövqelərinin daha da yaxınlaşdırılması, konkret sənədlərin hazırlanmasının vacibliyi qeyd edilib”. Qazaxıstanın XİN başçısı da vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda əsas tərəfdaşdır. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurulub: “Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev bu siyasəti davam etdirərək Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində addımlar atır. Ötən ilin noyabr ayında əldə olunmuş üçtərəfli razılaşmalar bütün Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olunması, həmçinin kommunikasiyaların bərpa edilməsi üçün imkanlar yaradıb”. 

Qarabağ savaşından, bölgədə formalaşan yeni reallıqlardan sonra Azərbaycan və Türkiyənin Orta Asiya ölkələri ilə əlaqələri daha da sıxlaşıb, gediş-gəliş artıb. Xüsusən, hesab edilir ki, Mərkəzi Asiyanın önəmli dövlətlərindən sayılan Qazaxıstanla əməkdaşlığı inkişaf etdirmək, münasibətləri ən yüksək müstəviyə daşımaq hər iki ölkə, eyni zamanda region üçün faydalı və mühümdür. 

Siyasi şərhçi Azər Həsrət “Şərq”ə vurğulayıb ki, Qazaxıstan bütün dövrlərdə Azərbaycan üçün əhəmiyyətli tərəfdaş və dost ölkə olub. Ekspertin sözlərinə görə, Azərbaycan istər sovet dönəmində, istərsə də müstəqillik zamanı Qazaxıstanla yaxın əlaqələrə malik olub:

“Mərkəzi Asiya türkləri ilə eyni millətik. Etnik kökənimiz və mədəniyyətimiz bir-birinə çox yaxındır. Üstəlik, 1937-ci il repressiyaların ardından xeyli azərbaycanlı Qazaxıstana köçürülüb, hazırda orada yaşamaqdadırlar. Azərbaycan üçün Qazaxıstan yad ölkə deyil. Necə ki, Türkiyəni özümüzə qardaş bilirik, ayrı görmürük, Qazaxıstana da münasibətimiz eynidir. Türkiyə qərbimizdə, Qazaxıstan isə şərqimizdədir. Qazaxıstanın indiki prezidenti də, xalqın lideri Nursultan Nazarbayev də Azərbaycana münasibətdə həmişə fərqləniblər. Bütün məsələlərdə rəsmi Bakını dəstəkləyiblər. Qazaxıstan Ermənistanın bizi tez-tez “qorxutmağa” çalışdığı KTMT-nin üzvü olmasına baxmayaraq, hər zaman Azərbaycanın yanında durub və bu mövqeyini açıq şəkildə İrəvana göstərib. Bu ölkə ilə əlaqələrin inkişafı bizim üçün çox önəmlidir. Qazaxıstan rəsmilərinin Şuşa Bəyannaməsindən sonra Bakıya səfəri başqa nüanslardan da xəbər verir. Türkiyə Qərblə əlaqələr qurduğu bir zamanda Şərqdəki tərəfdaşımız, Orta Asiyanın ən güclü dövləti - Qazaxıstan da bu prosesdə aktiv rol almaq istəyir. Çindən ta Londona qədər gedəcək dəmiryolu, kommunikasiya xətlərinin üzərində Qazaxıstanın özünəməxsus rolu və yeri var”.