Rəisinin seçilməsindən ABŞ və Qərb narazıdır
Yeni prezidentin dövründə İran maliyyə baxımından Çindən daha asılı hala gələcək
İranda 13-cü prezident seçkisi başa çatdı və ilkin nəticələr cəmiyyətə açıqlandı. Seçkidə mühafizəkar qanadın namizədi İbrahim Rəisi qalib oldu. Seçki Qərargahının rəhbəri Camal Orf İbrahim Rəisinin səsvermədə iştirak edən 28,6 milyon seçicidən 17,8 milyonunun səsini aldığını açıqladı. Rəisinin seçkilərdə qələbə çalacağı əvvəldən gözlənilsə də, seçicilərin 63 faizinin səsini qazanması sonradan namizədliklərini geri çəkən Əlirza Zakani və Səid Cəlili ilə əlaqədardır. Məsələ ondadır ki, seçkidə 7 namizəd qeydə alınsa da, daha sonra onlardan 3-ü namizədliyini İbrahim Rəisinin xeyrinə geri götürdü. Hər iki namizədin öz tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırması onun səs faizini çoxaltdı. İranın yeni Prezidenti İbrahim Rəisi 1960-cı ildə Məşhəd şəhərində anadan olub. İxtisasca hüquqşünas olan Rəisi 1979-cu il inqilabdan sonra Kereç prokuroru vəzifəsinə təyin olunub. Qısa müddətdən sonra Tehranda Baş prokurorun müavini təyin edilib.
1988-ci ildə İranın Ali dini rəhbəri Xomeyninin göstərişi ilə həbsdə olan rejim əleyhdarlarının edam edilməsi məqsədilə qurulan komitəyə üzv təyin olunub. Rejim əleyhdarları tərəfindən “ölüm komitəsi” adlandırılan 4 nəfərlik nümayəndə heyətinin rəhbəri olan İbrahim Rəisi müxaliflər tərəfindən “Qatil ayətullah” ləqəbilə tanınır. O dövrdə təxminən 3 min nəfərin edam edildiyi barədə mətbuatda məlumatlar yayılıb. Xamenei dövründə də Rəisi dövlət vəzifələrində sürətlə yüksəlib. 2014-cü ildə İranın baş prokuroru vəzifəsinə təyin olunan Rəisi Xamenei tərəfindən 2016-cı ildə Məşhəddə yerləşən və büdcəsi milyardlarla dollar olan “İmam Rza Ziyarətgahı” Xeyriyyə Fondunun sədri təyin edilib. Siyasi məhbusların edamında və 2009-cu ildə ölkədə baş qaldıran etirazlara sərt şəkildə müdaxilə etdiyi üçün 2019-cu ilin noyabr ayında ABŞ Rəisi barəsində sanksiya qərarı verib. İnqilab Keşikçiləri Ordusu tərəfindən dəstəklənən Rəisi Xameneinin “varisi” olaraq tanınır.
İrandakı seçkinin nəticələrini “Şərq”ə analiz edən politoloq Turan Rzayev deyib ki, Rəisi İrandakı mövcud rejimə sadiq bir şəxsdir. Analitikin sözlərinə görə, milliyyətcə fars olması və mühafizəkarlığın pik həddə olduğu Məşhəd şəhərində anadan olması onun prezidentlik dövründə nələr edəcəyini az-çox təxmin etməyimizə səbəb olur:
“Rəisinin rəhbərliyində İranın Ruhani dövründən fərqli olacağını düşünmürəm. Xüsusilə də onun İrandakı mövcud teokratik rejimə sadiq olması rejimin öz mövqelərini daha da möhkəmlətməsinə səbəb olacaq. Düzdür, islahatçılardan kiminsə hakimiyyətə gəlməsi də mövcud rejimə təsir etməyəcəkdi. Çünki İran siyasi sistemində prezidentliyə namizədi Konstitusiya Himayəçiləri Şurası (KHŞ) təsdiqləyir. Şuranın üzvlərini isə İranın ali dini lideri təyin edir. Yəni əslində prezidenti seçən İranın ali dini lideridir”.
Ekspertə görə, Rəisi dövründə İran xarici siyasəti əsasən belə olacaq:
“Birincisi, Rəisinin prezident seçilməsindən ABŞ və Qərbin narazı qalacağı bəllidir. Çünki rəsmi Vaşinqton ümid edirdi ki, islahatçı qanadın bir namizədi seçkilərdə qələbə qazanacaq və İranla nüvə razılaşması başda olmaqla, bəzi prioritet məsələlər ətrafında razılığa gəlinəcək. Lakin Rəisinin mühafizəkar qanaddan olması və mövcud rejimin maraqları çərçivəsində hərəkət etməsi ABŞ-İran, dolayı yolla Qərb-İran münasibətlərində gərginliyin davam edəcəyini göstərir. İran çətin ki, ABŞ-la nüvə razılaşmasına getsin. Bu da nəticədə ABŞ və Qərbin İrana yeni iqtisadi sanksiyalar etməsinə gətirib çıxaracaq.
Bundan əlavə, fars körfəzində də yenə ABŞ-İran hərbi donanmasının sürtüşməsinin şahidi ola bilərik. İkincisi, Rəisinin dövründə İranın Yaxın Şərq siyasətində yenidən aktivlik müşahidə edilə bilər.
İranın bir müddətdir sangiyən “Şiə Hilalı” siyasəti Rəisi ilə birlikdə yenidən aktivləşə bilər. Hətta bu istiqamətdə Tehranın İraq, Livan, Suriya, Yəmən və Fələstində maliyyələşdirdiyi şiə ideologiyalı radikal qruplaşmalar yenidən aktivləşə bilər. Fələstin mövzusu yenə əsas prioritet olaraq qalacaq. Yəni yaxın növbəti bir il ərzində İsrail-Fələstin gərginliyinin şahidi ola bilərik. İsrailin yeni Baş naziri Naftali Bennet ilə İbrahim Rəisinin bu məsələdə necə bir addım atacağını isə hər halda qarşıdakı zaman göstərəcək”.
T.Rzayev Rəisi dövründə İranın maliyyə baxımından Çindən daha da asılı hala gələcəyini düşünür:
“Rəsmi Pekin onsuz da region ölkələrinə böyük miqdarda investisiya yatırır. Əvəzində isə bu ölkələrin tədricən xarici siyasətində söz sahibi olur. Bənzər proses uzun müddətdir Rusiya ilə də gedir. Bu mənada Rəisi dövründə Çinin İrana investisiya yatırımı davam edəcək və İran bunu ehtimal ki, iki sahəyə - Uranın zənginləşdirilməsi və silahlanmaya xərcləyəcək. Beləcə rəsmi Pekin Qərb ilə arasında Rusiya kimi İran səddini də qoruyub saxlaya biləcək.
Digər tərəfdən, İranın ən azından hərbi müstəvidə güclənməsi Çinin maraqlarına uyğundur. Çünki bu zaman Vaşinqtonun diqqəti Pekindən öncə İrana yönələcək. Bu isə iqtisadiyyatını və ordusunu gücləndirən Çin üçün bir qədər də vaxt udmaq mənasına gəlir. Rəisinin xarici siyasətində ən maraq doğuran sual bəlkə də onun Azərbaycan-Türkiyə və bütövlükdə Qafqaz siyasətinin necə olacağıdır.
Mahiyyət etibarilə Ankara və Bakı İrana qarşı öz mövqeyini açıqca bəyan edib. Lakin görünən odur ki, rəsmi Tehran Türkiyə və Azərbaycan arasında imzalanan tarixi Şuşa bəyanatından heç də razı deyil. Bunun bariz sübutu isə Azərbaycanla sərhəddə - dağın ətəyində İran inqilabının rəhbəri, islam inqilabının lideri Ayətullah Xomeyninin böyük portretinin yerləşdirilməsidir.
Bu, faktiki olarak rəsmi Tehranın şimalda baş verən prosesdən narazı olduğunu göstərir. Azərbaycanla münasibətlərə də həmişəki kimi həmin üst qurumlar yön verəcək”.