Deputatın dilinin altında gizlənənlər: Dövlətin Bayden, Putin və Rəisi ilə əlaqədar planı


Bəlli məsələdir ki, hakimiyyətlər öz perspektiv məqsədlərini həmişə yuxarı eşalonlardakı yüksək vəzifə sahiblərinin dilə ilə ifadə etmir. Bu zaman hakimiyyətə yaxın insanlar, kadrlar dövriyyəyə salınır və bununla dövlət öz sözlərini həmin şəxsin leksikonuna köçürür. 
Parlamentin iclasında həm tutduğu vəzifə (Sosial Tədqiqatlar Mərkəzinin sədri, parlamentin İnsan hüquqları komitəsinin sədri), həm də şəxsi münasibətlər çərçivəsində hakimiyyətlə kifayət qədər yaxın təmaslarda olan Zahid Orucun səsləndirdiyi bir fikir bəzi qənaətləri yaradır. 
Şübhə yoxdur ki, Zahid Oruc diplomatik ranqdakı məmurlardan daha çox “məmurdur” və hakimiyyətin gözündə etibarlı fiqurdur. 
Zahid Oruc dövlətin strateji hədəf və niyyətlərini arxa planda dövriyyəyə buraxır, bununla da ictimai rəyi müəyyən proseslərə hazırlayır. 
Bu barədə əvvəlki çıxışlar və həmin fikirlərə münasibətdə baş verən proseslər kontekstində xeyli misallar çəkmək olardı, hərçənd indi məqsədimiz bu deyil. 
Detallara girmədən yazımın mahiyyətini açıqlamağa çalışım. Zahid Oruc parlamentin iclasında çıxış etdi, özü də fikir verirəm, Zahid müəllim ən vacib məqamı ya çıxışının ortasında, ya da axırında səsləndirir.
Məhz buna görə, onun çıxışına diqqətlə qulaq asıram, sona çatdırmasını gözləyirəm. 
Zahid müəllim bu gün də, əsas vurğunu sonda etdi və təbii ki, həmin dəqiqə dövlətin ABŞ Prezidenti Cozef Bayden, Rusiya lideri Vladimir Putin və İranın yeni Prezidenti İbrahim Rəisini standartlardan kənar səfərə dəvət etmək planlarını gördüm. 
Zahid müəllim deyir ki, Bayden, Putin və Rəisi Şuşaya gəlsinlər, təbii ki, bir deputatın təklifi ilə onlar bu əraziyə gələn deyil. 
Sadə görünən fikirdə hakimiyyətin “məxfi” saxlamağa çalışdığı odur ki, Azərbaycan həmin liderləri Şuşaya dəvət etmək planlarını nəzərdən keçirir. 
Mümkün hədəflər: 
1. Əgər onlar Şuşaya ya da Qarabağın hər hansı bölgəsinə gələrsə, Ermənistan üçün həlqələr daralar. 
2. Siyasi maraqlarla yanaşı iqtisadi maraqlar da ön plandadır. Əgər Bayden, Putin və Rəisi həmin ərazilərə gələrsə, öz gözləri ilə investisiya mühitini dəyərləndirən baxışları özlərində formalaşdıra bilərlər. 
Bəs bu mümkündürmü? Azərbaycanın strateji arzuları başadüşüləndir, lakin həmin liderlərin Şuşaya gəlişi hələlik real görünmür. 
Hələ heç bir ABŞ prezidenti Azərbaycana gəlməyib... 

Aqşin Kərimov