Ermənistanda parlament seçkilərinin nəticəsinə əsasən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 faizini toplamaqla qalib gəlib. Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 faiz səs toplayıb. Ermənistandakı parlament seçkilərinin nəticəsi göstərdi ki, Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində düşmən ölkə regionun siyasi və iqtisadi həyatından kənarda qalıb.
Ölkənin iqtisadiyyatı çöküb, əhalinin sosial durumu ağırlaşıb, İrəvan xarici yardımdan asılı vəziyyətə düşüb. Əks halda xalq kapitulyasiya sənədini imzalayan Paşinyanı yox, şirin vədlər verən Köçəryan-Sarkisyan cütlüyünü hakimiyyətə gətirərdi.
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu barədə “Sherg.az”a danışdı:
“SSRİ dağılandan sonra bir çox ölkədə, o cümlədən Ermənistanda azadlıq meyilləri torpaq iddiaları ilə müşayiət olundu. Əlbəttə, Ermənistanın aqibətinin yeganə səbəbkarı təkcə Paşinyan deyil, həm də özündən əvvəlki siyasətçilər, o cümlədən Robert Köçəryan və Serj Sarkisyandır.
Seçkilərin nəticəsi 44 günlük müharibədə Azərbaycanın qazandığı nəticəyə tam uyğundur. Erməni xalqı öz seçimi ilə qələbəmizi, məğlubiyyətlərini tanıdıqlarını göstərdi. Biz öz zəfərimizlə həm də “Qarabağ klanı”nı məğlub etdik.
Bu azmış kimi, yerli xalq da öz seçimi ilə Köçəryan və Sarkisyana “şillə vurdu”. İctimaiyyət Şuşa və Hadrutu yox, sabitliyi vəd edən siyasətçisini seçdi. Əlbəttə, düzgün seçimdir. Çünki beynəlxalq hüququ pozmayacağı, şərtlərimizə əməl edəcəyi təqdirdə Azərbaycan Ermənistanın təhlükəsizliyinə təminat verir. Deməli, “Dəmir Yumruq” əməliyyatı seçkilərin nəticəsinə birbaşa təsir göstərdi”.