Qarabağ qələbəsindən sonra xarici diplomatların Azərbaycana səfəri artıb
44 günlük Vətən müharibəsindən sonra Azərbaycana xarici diplomatik səfərlərin sayı intensivləşib. Xüsusən də Qərb ölkələrinin diplomatik nümayəndələrinin səfərləri daha çox diqqət çəkir. Bəs bu diplomatik səfərlərin artmasının məqsədi nədir? Regionda hansı proseslər baş verməkdədir?
Suallarımızı cavablandıran politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində ən strateji durumda olan həm geosiyasi, həm də coğrafi strateji mövqedə olan bir ölkədir. O qeyd edib ki, Azərbaycanda bütün Qərb dünyasının geosiyasi maraqları var:
"Bu gün regionda Azərbaycansız hansısa strateji geosiyasi layihəni həyata keçirmək mümkün deyil. Ona görə də Azərbaycana maraqları olan bütün ölkələr intensiv olaraq səfərlərini artırıblar.
Bu da onunla bağlıdır ki, bölgə konkret ciddi geosiyasi dəyişikliklər ərəfəsindədir. Əlbəttə ki, müəyyən dövlətlər maraqlarını da bu prosesdə özündə ehtiva edir. Təbii ki, bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi də var. Qeyd edim ki, Azərbaycan xarici siyasətdə getdikcə daha cəlbedici olmağa başlayıb. Çünki regionda müəyyən geosiyasi dəyişikliklərlə tamamilə fərqli durum formalaşıb. Yəni işğal olunmuş Qarabağ torpaqları 44 günlük Vətən müharibəsindən azad olunduqdan sonra bölgədə ciddi əməkdaşlıq mühiti yaranıb. Belə olan vəziyyətdə bütün ölkələr bu vəziyyətdən özlərinin xeyirləri üçün istifadə etmək istəyirlər. Ona görə də Azərbaycana intensiv səfərləri bu kontekstdə dəyərləndirmək lazımdır. Ən nəhayət, bildiyiniz kimi, Şuşada Azərbaycan-Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Düşünürəm ki, bu çox fundamental və uzağa gedən strateji bir sənəddir".
Politoloq əlavə edib ki, bu sənəd təkcə Azərbaycan-Türkiyə birliyini özündə ehtiva etmir:
"Bu daha böyük geosiyasi niyyətləri özündə ehtiva edən bir beynəlxalq müqavilədir. Digər Orta Asiyada olan türk cümhuriyyətlərinin maraqlarını da bunun üstünə gələndə son zamanlar bir çox səfərlər bu kontekstdə baş verir. Xüsusilə də Şuşa Bəyannaməsindən dərhal sonra Qazaxıstanın xarici işlər nazirinin təcili qaydada Azərbaycana səfərini də bu kontekstdə dəyərləndirirəm. Düşünürəm ki, bu, yeganə hadisə olmayacaq. Digər Orta Asiya ölkələri də tədricən Azərbaycan və Türkiyə səfərini artıracaqlar. Yəni regionda çox önəmli proseslər gedir. Bu proseslərin mərkəzi də əlbəttə ki, Azərbaycandır. Ona görə də bu cür xarici intensiv səfərləri normal qarşılamaq lazımdır".