"Qarabağ klanı"nı dirçəltməyə kökləniblər

"Rusiya çalışacaq ki, Qarabağda revanşist qüvvələrin siyasi bazasını, dayağını artırsın"


"Rusiya Ermənistanda ayrı, Qarabağda ayrı oyun aparacaq".
Bunu "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. O qeyd edib ki, Ermənistanda Rusiyanın hələlik manevr imkanları nə qədər heçə ensə də, Qarabağda bir o qədər mümkün görünür:

"Siyasi proseslərin aktiv nöqtəsinin Qarabağa keçməsi Rusiyanın yenidən bu proseslərlə Ermənistan və Azərbaycanı nəzarətdə saxlamaq cəhdi kimi baxılmalıdır. Rusiya Ermənistanda özünü guya siyasi proseslərə qarışmayan kimi göstərməklə eynən Qarabağda da bu prosesləri onun iradəsindən kənar baş verdiyi görüntüsünü yaratmağa çalışır. Rusiya çalışacaq ki, Qarabağda revanşist qüvvələrin siyasi bazasını, dayağını artırsın.

Sonra isə güclənmiş Qarabağ klanını yenidən Ermənistana təzyiq edə biləcək gücə çatdırsın. Bunun üçün isə bu qüvvələrin Qarabağda yenidən hakimiyyətə gətirilməsi üçün çalışacaq".

 A.Qasımov vurğulayıb ki, bu qüvvələrin güclənməsi üçün Qarabağda hansısa uğurlar əldə edilməlidir:

"Bu, siyasi və ya hərbi uğurla yanaşı iqtisadi uğurun da əldə edilməsi ilə mümkündür.  İqtisadi uğur Rusiya və dünya erməniliyinin hesabına nisbətən mümkün kimi görünsə də, hərbi və siyasi uğur üçün heç bir zəmin yoxdur. Azərbaycanın hərbi gücü hər zaman buna layiqli cavab verməyə hazırdır. Təbii olaraq Ermənistan hakimiyyətinin də bu qüvvələrlə mübarizə aparacağı gözləniləndir. Azərbaycan imkan verməməlidir ki, Rusiya Qarabağ ermənilərindən öz məqsədləri üçün istifadə etsin. Bunun üçün belə cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır".