Paşinyanın qalib gəlməsi region üçün yeni perspektivlər açır
Ermənistanda 20 iyun seçkilərinin nəticəsi olaraq Nikol Paşinyanın partiyası nəinki qalib gəldi, hətta təkbaşına parlament çoxluğu əldə etdi. Eks prezident Robert Koçaryanın bloku istisna olmaqla heç bir müxalif partiya 5 faizlik baryeri keçə bilmədi. Seçkilərin nəticəsi Ermənistandakı bütün revanşist kəsimə, Rusiyadakı erməni diasporunun əksər hissəsinə, rusiyapərəst qüvvələrə, “Qarabağ klanı”na ağır zərbə oldu. Seçki öncəsi absurd ittihamlar səsləndirən, sərsəm vədlər verən Koçaryan öz məqsədinə çatmadı. Erməni xalqı Paşinyana səs verməklə, bölgədəki yeni proseslərdə Ermənistanın iştirakına ümid etdiyini göstərdi. 20 iyun seçkilərinin elektoral səslərinin coğrafiyası belə deməyə əsas verir. Seçkilərdən əvvəl birmənalı şəkildə Koçaryanın qalib gələcəyi gözlənilən ermənilərin Sünik adlandıqları Zəngəzur bölgəsinin əhalisi Paşinyana səs verərək, əslində, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına, azərbaycanlıların Zəngəzura qayıtmasına səs vermiş oldu. Zəngəzurdakı nəticə Koçaryanın və digər revanşist qüvvələrin ideyalarının iflası və acı məğlubiyyəti deməkdir.
Bölgədə yeni geosiyasi və geoiqtisadi proseslərin getdiyi bir zamanda Ermənistan da yeni ittifaqlara və konfiqurasiyalara qoşulmalı, özünü adekvat tərəf kimi aparmalıdır. İndiki halda Paşinyan hakimiyyətinin edəcəyi ilk işin siyahısında üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərin tez bir zamanda reallaşması, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həll edilməsi və Zəngəzur dəhlizinin açılması olmalıdır. Ermənistanın gələcəyi ilə bağlı əsas məsuliyyət Paşinyanın üzərinə düşür. Koçaryan-Sarkisyan cütlüyünün iflasa uğradığı Rusiyada da qəbul edilməkdədir. Bu amil onu deməyə əsas verir ki, artıq revanşist ideyalar aktual deyil. Moskva üçtərəfli sazişdə əksini tapan müddəaların həyata keçməsində maraqlı olmalıdır. Ermənistanın isə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa yolu yoxdur. Paşinyan ölkəsini təcriddən xilas etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə anlaşmaq məcburiyyətindədir. Buna nail olmaq üçün isə konkret addımlar atmalıdır. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların xəritələri Azərbaycana verilməlidir. Digər tərəfdən Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası aparılmalıdır. Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından və qondarma “soyqırım” ittihamlarından birdəfəlik əl çəkməlidir. İqtisadi təcriddən xilas olmaq üçün Zəngəzur dəhlizinin açılmasında İrəvan hökuməti də maraqlı olmalıdır.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov TRT “World”ə müsahibəsində növbəti dəfə Ermənistana çağırış edib. Nazir bildirib ki, Bakı sülh razılaşması üçün İrəvanla işləməyə hazırdır: “Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün unikal şans yaranıb. Niyə ilk dəfə deyirəm? Çünki artıq ortada işğal faktı yoxdur”. XİN rəhbəri xatırladıb ki, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib: “Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, gələcəyə baxmalıyıq. Bu, bizim üçün asan deyil. Baş verənlərin hamısı təzədir. Bununla belə Prezidentimiz münasibətlərin normallaşmasının lazım olduğunu bildirib. Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz bunu təklif edirik. Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”.
Ceyhun Bayramov Qazaxıstan baş nazirinin müavini Muxtar Tileuberdi ilə görüşü zamanı da demişdi ki, Ermənistan region ölkələrinin normal inkişafı üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin inkişafına alternativin olmamasını nə qədər tez anlayarsa, bu, nəinki Ermənistan və Azərbaycan, həm də region ölkələri üçün yaxşı nəticələr verə bilər: “11 yanvar 2021-ci ildə yeni üçtərəfli bəyanat imzalanıb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu bəyanat kommunikasiya əlaqələrinin, iqtisadi münasibətlərin bərpası ilə bağlıdır. Bu razılaşmanın həyata keçməməsinə həm də Ermənistandakı dərin siyasi böhran təsir edib”. XİN başçısı üçtərəfli bəyanatın icrasında ləngimələrin olduğunu söyləyib: “Bəzi istiqamətlərlə bağlı 10 noyabr üçtərəfli bəyanatın icrası uğurla həyata keçirilir, ancaq bəzi məsələlərdə əngəllər var”.
Rusiyalı politoloq Sergey Markov bildirib ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. Onun sözlərinə görə, erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açılmasını, iqtisadi inkişafı arzulayır: “Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi”. .
Gürcü politoloq, “İslam Araşdırmaları Mərkəzi”nin direktoru Şota Apxaidze də deyib ki, Paşinyan regional əməkdaşlığın inkişafı üçün Ermənistanın "altılıq platforma"sının formalaşmasında iştirakına çalışır, bu da böyük ehtimalla Ermənistan vətəndaşları tərəfindən müsbət qarşılanır. Ekspertin fikrincə, Paşinyan Zəngəzur dəhlizinin bərpasını istisna etmir: “Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli razılaşmanın ən vacib bəndi Zəngəzur dəhlizi ilə bağlıdır. Bu baxımdan, Azərbaycan ilə Naxçıvan və Türkiyə arasında əlaqələrin bərpası təkcə iqtisadi və ya geosiyasi faydalar məsələsi deyil, həm də bölgədəki sülhün qorunub saxlanması üçün təməl daşıdır. Layihənin həyata keçirilməsi bütün iştirakçı ölkələr, xüsusilə sərhədlərində sülhün təmin edilməsi son dərəcə vacib olan qonşular üçün faydalıdır. Kommunikasiyaların bərpası münaqişələrdən və iqtisadi qeyri-sabitlikdən yorulmuş Ermənistan vətəndaşları üçün xeyirlidir”.
Gürcü analitikin qənaətincə, Paşinyan Ermənistandan Türkiyə ərazisinə keçəcək nəqliyyat dəhlizi layihəsi çərçivəsində dəmir yolunun çəkilişi layihəsində iştirak etməyə hazırdır:
“Bu dəmir yolu gələcəkdə Trans-Avrasiya dəmir yolları şəbəkəsinin bir hissəsinə çevriləcək. Ermənistan, ümumilikdə bölgədə ticarət üçün yeni istiqamətlərin açılmasından əmtəə axınında artım və əhəmiyyətli fayda götürəcək.
Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, Ermənistandakı hazırkı vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın İrəvanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir. Deputatın sözlərinə görə, əslində erməni cəmiyyəti mövcud reallığı tam dərk etməkdən uzaqdır. Ancaq şüuraltı başa düşürlər ki, başqa çıxış yolları yoxdur:
“Azərbaycan üçün seçkilərin nəticəsi maraq doğuran idi. Çünki rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə əməkdaşlıq etməyəcək. Elə seçkilərin nəticəsindən də görünən odur ki, yeni formalaşacaq hakimiyyət 10 noyabr 2020-ci üçtərəfli razılaşmanın tələblərini daha qətiyyətlə icra edə biləcək siyasi iradə nümayiş edirmək imkanı əldə edib. Ermənistanın siyasi sisteminə nəzər salsaq görərik ki, mövcud reallığı dərk edən yeganə siyasi partiya Paşinyanın partiyası idi. Ermənistanda bundan sonra hadisələrin müsbət tendensiyalar üzrə inkişafına dair çox ehtiyatlı nikbin proqnozlar vermək mümkündür. Sonrakı mərhələdə regional inteqrasiya, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması , sərhədlərin delimitasiya və demakrasiyası məsələləri və nəhayət, Zəngəzur dəhlizinin açılması ilə bağlı hadisələri müsbət istiqamətdə proqnozlaşdırmaq üçün əsaslar verir”.
Politoloq İlqar Vəlizadə də deyib ki, Paşinyan üçtərəfli sazişdən irəli gələn məsələlərin həll edilməsinə cavabdehdir:
“Paşinyanın partiyasının parlament seçkilərində qələbə qazanması göstərir ki, erməni xalqı keçmiş “Qarabağ klanı” liderlərinə etimad etmir. Artıq “Qarabağ klanı”nın üzvləri legitim yolla hakimiyyətə gələ bilməz. Seçkilər bunu bir daha göstərdi. Paşinyanın qalib gəlməsi isə region üçün perspektivlər açır. Ümid edirik ki, Paşinyan və komandası götürdüyü öhdəlikləri dərk edəcək. İstəyimiz odur ki, regionda bütün kommunikasiyalar açılsın”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə vurğulayıb ki, 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün Nikol Paşinyanın sağlam addımlar atması gözlənilir: “Paşinyanın Azərbaycanla münasibətləri böhrana yuvarlayacağını düşünmürəm. Hazırda Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əlaqələrdən asılıdır. ABŞ-ın vasitəçiliyi ilə Paşinyan və Prezident İlham Əliyev münasibətlərin normallaşdırılması üçün Tiflisdə görüşə bilərlər. Ermənistan üçün post-müharibə dövründə yeni səhifə açılıb. Ermənilər Paşinyana yenidən şans veriblər ki, ölkəni inkişaf etdirsin və Qərbə inteqrasiyanı sürətləndirsin. Əgər Paşinyan Azərbaycanla əlaqələri bərpa etməzsə, düşmənçiliyi davam etdirərsə, Azərbaycan hərəkətə keçər. Bu da Paşinyana qarşı daxili etirazları artıra və nəticədə hakimiyyətdən devrilə bilər. Şübhəsiz, Paşinyanın özü də bunun fərqindədir. Ona görə də Paşinyan Azərbaycanla əlaqələrin normallaşdırılmasına məhkumdur”.