Güc və diplomatiya biri-birinə sıx bağlıdır

"Peşəkar şəkildə qurulmuş diplomatik fəaliyyət hərbi sahədə qarşıya qoyulan hədəflərə asanlıqla çatmağa kömək edir"


"Dövlətlərarası münasibətlərin tarixinə qısa nəzər yetirsək görərik ki, hərbi təhlükəsizliyin həlli variantı kimi, yalnız hərbi gücün mövcudluğu və onun istifadəsi daha məqbul hesab edilib. Bu vasitə şübhəsiz ki, hazırkı dövrdə də öz effektivliyini saxlamaqdadır. Amma müasir dövrün geosiyasi mənzərəsi, fərqli proseslərin cərəyan etməsi yeni yanaşmaların meydana gəlməsini zəruri edib".
 Bu fikirləri "Şərq"ə açıqlamasında  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. O qeyd edib ki, vəziyyəti düzgün dəyərləndirən dövlətlər cəmiyyətin fəaliyyətinin bütün vacib sahələrində davamlı olaraq öz potensialını, o cümlədən hərbi və diplomatiya imkanlarının daha da yaxşılaşdırılmasını prioritet məsələ kimi irəli çəkdilər:

"Başqa sözlə, problemin daha effektiv həlli üçün təkcə hərbi gücə deyil, eyni zamanda diplomatiyanın imkanlarından səmərəli istifadəyə diqqət artırıldı. Çünki müasir terrorizmin qlobal bir problem olduğu və sərhədləri tanımadığına və terrorçuların şəbəkəli bir şəkildə fəaliyyət göstərdiyinə görə istənilən ölkənin onunla mübarizəsi təsirsiz görünür. Belə ki, 2001-ci ildən sonra ABŞ başda olmaqla koalisiya qüvvələrinin Əfqanıstanda, İraqda, Liviyada, Suriyada həyata keçirdikləri hərbi əməliyyatlarının gözlənilən nəticəni verməməsi buna bariz nümunədir. Artıq 20 ildən artıq dövr keçməsinə baxmayaraq hələ də terrorizm müasir dünyanın ən ciddi problemlərindən biri kimi qalmaqdadır. Amma hər iki halda mübarizədə əsas məqsəd dövlətin hərbi təhlükəsizliyinin hərtərəfli təmin edilməsidir. Müasir yanaşmada diplomatiyanın rolu daha məqbul hesab edilsə də, unutmaq olmaz ki, onun fəaliyyətinin effektivliyinin artmasında əsas katalizator heç şübhəsiz ki, dövlətin özünün gücüdür". 

Politoloq qeyd edib ki, diplomatiyanın gücü dövlətin resurslarına və resurslardan istifadə sisteminə və mexanizminə bağlı olur:

"Böyük və güclü dövlətlərin diplomatiyası da güclü əsasları özündə əks etdirir. Məsələn, belə hesab etmək olar ki, geosiyasi güclərin diplomatiyası onların gücünə bağlı olaraq bütün dövlətlərdə nisbi müqayisə əsasında güclü görünür. Həmin güclərin beynəlxalq təsir imkanları və beynəlxalq aləmdə təsir rıçaqlarının sistemliliyi onların diplomatiyasının da təsirlərini artırır. Diplomatiya məxsus olduğu dövlətin gücünü geosiyasi məkanlar üzrə yaymaq funksiyasını da yerinə yetirir. Diplomatiyanın gücü həm də dövlət maraqlarının məkanlar üzrə güclü olmasından irəli gəlir. Diplomatiya dövlətin daxili siyasətinin xarici məkanlar üzrə yayılan maraqlar üzrə birləşməsi funksiyasını həyata keçirir. Bu anda dövlətin daxili imkanları onun xarici siyasətinə təsir göstərir və gücləndirir. Diplomatiya beynəlxalq mübahisələrin həllində mühüm rol oynayır. Diplomatiya dövlətin milli maraqlarını həyata keçirmək və xarici siyasətin siyasi məqsədlərinə nail olmaq üçün vasitələrdən biri hesab olunur. Lakin  müharibənin onun iştirakçıları arasında bitməyən dialoqunun getdikcə dəyişən quruluşunda öz “səbəbi” və “məntiqi” olması onun diplomatiya ilə eyni anlayış olduğunu göstərmir. Digər tərəfdən, təhdidləri və güc tətbiq etməyi nəzərə alaraq diplomatiyanın müharibə ilə əlaqəli olduğunu  sübut etmir. Bunlar dövlətin maraqlarını birləşdirən iki fərqli xarici siyasət formasıdır. Belə hesab etmək olar ki, döyüşlərin qarışıq olmasına, silahın səssizliyinə baxmayaraq, sülh barədə düşünmək və müharibəni də unutmaq lazımdır. “Millətlər arasındakı münasibətlər əbədidir; diplomatiya və müharibə onlar üçün əlavə amildir; öz növbələrində üstünlük təşkil edirlər, lakin heç bir halda heç biri digərinin lehinə gündəmi tərk etmir”. Peşəkar şəkildə qurulmuş diplomatik fəaliyyət hərbi sahədə qarşıya qoyulan hədəflərə asanlıqla çatmağa kömək edir. Güc və diplomatiya bir-birinə səmimi qoşulanlardan daha çox dəstək verir, yəni bir dövlətin gücü və diplomatiyasının qarşılıqlı dəstəyi iki dövlətin yaxın münasibətlərinin qarşılıqlı dəstəyindən daha çox əhəmiyyətlidir". 

R.Hüseynov əlavə edib ki, müharibə və diplomatiya reallıqla müəyyən bir yazışmanın alternativ üsulları olsa da, onlar o qədər yüksək dərəcədə bir-biri ilə bağlıdır:

"Xarici siyasətdə müəyyən bir dövlətin bu və ya digər üsula meyli bir sıra amillərlə müəyyən edilir. Bunlar dövlətin verilmiş maraqları, daxili siyasi rejim, hərbi-siyasi strategiyanı həyata keçirən liderlərin şəxsi keyfiyyətləri, beynəlxalq münasibətlərdə mövcud meyillər və ölkədəki hərbi və mülki heyət arasındakı münasibətlərdir.

Diplomatiyanın əsas vəzifəsi dövlətin milli maraqlarını dinc yolla təmin etməkdir. Müharibə vəziyyətinin qarşısının alınması və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi diplomatiyanın vəzifəsidir. Təhlükələri, faydaları və müvafiq milli maraqları təmin etmək üçün təklif olunan tədbirləri tam olaraq qiymətləndirmək üçün diplomat həmkarları ilə dialoqlar təşkil edir və bunlarda iştirak edir.

“Elan edilməsinə baxmayaraq, diplomatların başa düşülən hərəkətlərinin arxasında nümayiş etdirdikləri mövqelərinin mənası hərbi əzələlərə bağlıdır. Güc olmadan diplomatiya rasionallığını itirir. Yəni məntiqi olaraq biz hərbi təhlükəsizliklə birbaşa əlaqəli diplomatik fəaliyyət formalarını güclə əlaqələndirməyə məcburuq, çünki müəyyən bir təhlükə ilə mübarizə üçün istifadə olunan tədbirlər adekvat olmalıdır.

Qeyri-gücə əsaslanan diplomatiyanın rasional olacağını güman etmək sadəlövhlükdür. Yeni dövrün diplomatik problemləri diplomatik problemlərin güc və diplomatiya məsələlərinin vəhdətində nəzərə alınmasını tələb edir, çünki “klassik diplomatiyada olduğu kimi, yalnız diplomatların həll edə biləcəyi suallar çeşidi indi olduqca məhduddur. Bu cür diplomatiya danışıqlar, məcburiyyət diplomatiyası və münasibətləri yaxşılaşdırmaq və ya barışıq şəklində həyata keçirilir”.

Beləliklə müasir dövrdə hərbi təhlükəsizliyin təmin edilməsi, hərbi təhlükələrin, təhdidlərin qarşısının alınmasında həm hərbi güc, həm də diplomatiyanın imkanlarından birgə istifadənin vacibliyi və əldə edilmiş müsbət nəticələr bu sahənin dövlətlər üçün eyni səviyyədə əhəmiyyətli olduğunu göstərir".