Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı Qarabağla bağlı razılaşmaların icrasına da toxunub.
Kremlin saytında verilən məlumata görə, Rusiya lideri Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının erkən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
“Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılaşmalarının davamlı həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək” – məlumatda qeyd olunub.
Telefon danışığını “Sherg.az”a dəyərləndirən siyasi analitik Turab Rzayev bildirib ki, yeni mərhələdə üçtərəfli razılaşmaların icrasına dair problem olmamalıdır:
“Paşinyanın sülh bəyanatını yerinə yetirməkdən imtina etməsi mümkün deyil. Amma sırf xüsusi bəndlərlə bağlı müəyyən cığallıq edə bilər. Xüsusi bəndlər dedikdə Zəngəzur dəhlizi barədə razılaşmadan çəkinməyi nəzərdə tuturam. Paşinyan iki dəfə üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, qaçmağa çalışır. Qarabağda erməni silahlı birləşmələrinin çıxarılma məsələsi və delimitasiyaya dair də müəyyən problemlər yarada bilər. Digər məsələ Dağlıq Qarabağın tanınmasına dair dünya ictimaiyyətinə müraciət ediblər. Bu məsələni gündəmə gətirməklə guya öz ağıllarınca Azərbaycanda narahatlıq yaratmağa çalışırlar. Paşinyanın yarada biləcəyi maksimum problemlər bunlarla bağlıdır.
Dünən Tovuzda atışma oldu. Düşünmürəm ki, bu, Paşinyanla əlaqəlidir. Ermənistan daxilində Paşinyanı istəməyən qüvvələr onu pis vəziyyətə qoymaq üçün Azərbaycan ərzisinə terroçu qrup göndərə bilər”.