Milli Məclis deputatı Könül Nurullayeva 21 iyun tarixində dünyaca mötəbər siyasi platformalardan biri olan “Qadın Siyasi Liderləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən QSL 2021 Digital Sammitində iştirak etmişdir.
Sözügedən forumda 100-ə yaxın aparıcı qadın siyasətçi, dövlət başçıları və beynəlxalq təşkilat rəhbərləri dinləyici və çıxışçı qismində yer almışdır. Sammitdə Avropa Mərkəzi Bankının Prezidenti Christine Legarde, NATO-nun Baş Katibi Jens Stoltenberg, Fransa Prezidenti Emmanuel Macron, Avropa Komissiyasının Prezidenti Ursula Von Der Leyen, Xorvatiya Prezidenti Kolinda Grabar-Kitarovic, keçmiş Malta Prezidenti Emeritus Marie Louise Coleiro Preca, Yaponiyanın Ədliyyə Naziri Yoko Kamikawa, İtaliya Nazirlər Şurasının Sədri Mario Draghi, Indoneziya Respublikasının Xarici İşlər Naziri Retno L.P. Marsudi, Dünya Sağlamlıq Təşkilatının Baş Direktoru Tedros Adhanom Ghebreyesus, Avstraliyanın 27-ci Baş Naziri olan Julia Gillard, Panamanın Vitse-Prezident və Xarici İşlər Naziri İsabel Saint Malo kimi qonaqlar da fikir mübadiləsinə qoşulmuşdur.
Millət vəkili Azərbaycanı forumda qadın siyasətçiləri və liderlərinin post-pandemiya dönəmində yarada biləcəyi yeni reallıqlara köklənmiş "milli bəyannamə" ilə təmsil etmişdir.
K.Nurullayeva çıxışında bəyan etmişdir ki, Azərbaycan dövləti Müsəlman Şərqində qadınlara bərabər seçki hüququnu təmin edən ilk ölkə olaraq, daim gender bərabərliyi və qadınların bərabərhüquqluluğunu təbliğ edib. Deputat dövlətimizin birinci vitse-prezident və parlament sədri kimi vəzifələrə qadınları təyin etməklə, eləcə də qərar qəbuledici orqanlarda, parlament daxilində qadınların iştirakını artırmaqla, milli qadın siyasi liderlərinin formalaşmasına böyük töhfə vermiş olduğunu da vurğulamışdır.
K.Nurullayeva bəyannaməsində həmçinin ölkəmizdə qadınların gücləndirilmə mərkəzləri şəbəkəsinin Vətən Müharibəsi zamanı dağıdılmış Tərtər, Bərdə və Ağcabədi kimi münaqişə bölgələrindən kənar ərazilərdə də genişləndiriləcəyinə dair aparılan müzakirələrə toxunmuşdur.
Sonda isə Milli Məclis deputatı bir qadın parlament üzvü kimi belə əhəmiyyətli bir mövzuda dünyaya fikir və təkliflərini çatdıra bilmək imkanını dəyərləndirərək, bütün forum dinləyici və çıxışçılarına üz tutub "yalnız bir olarsaq, muradımıza yetişə bilərik" şüarını səsləndirmişdir.