Paşinyan hakimiyyətinə təhlükə:“Etirazlar və çarpaz təzyiqlər... ”

“Ermənistanda hazırda vəziyyət qeyri-sabit və qeyri-müəyyən xarakter daşıyır. Baş nazir Nikol Paşinyan seçkilərdə qalib gəlsə də, hələlik öz siyasi mövqelərini möhkəmləndirməyə imkan tapmayıb. Böyük ehtimalla ona Ermənistana tam nəzarəti ələ keçirmək üçün bir neçə ay vaxt lazım gələcək”. 
Bu sözləri "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli düşmən ölkədəki daxili vəziyyət barədə “Sherg.az”a danışarkən dedi.
E.Xalidbəylinin sözlərinə görə, Paşinyan hakimiyyəti üçün hələ də təhlükə var: 
“Böyük ehtimalla seçkilərin nəticələrindən narazı qalan “Qarabağ klan”ı siyasi böhranı dərinləşdirməyə cəhd göstərəcək. Hətta keçmiş prezident, hərbi cinayətkar Robert Köçəryan Paşinyan hakimiyyətini buna qədər olan siyasi fəaliyyətinə yenidən baxmayacağı təqdirdə, növbəti seçkilərin qaçılmaz olacağı ilə hədələyib.

Yəni Paşinyan hakimiyyətinin daxili problemləri hələ öz aktuallığını itirməyib. Yəqin ki, Paşinyan hakimiyyəti üçün daxili təhlükə faktorunun hansı səviyyədə ciddi olduğu yeni hökumətin tərkibi müəyyən edildikdən sonra daha aydın olacaq. Çünki yeni hökumət qurulduqdan sonra Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların icrasına başlayacaq.

Onu sərhədlərin demarkasiyası kimi taleyüklü proses gözləyir. Azərbaycan öz haqlı və prinsipial mövqeyi ilə Ermənistanı küncə sıxışdırmaqda davam edəcək. Təbii ki, bütün bunlar və nəticələri Ermənistanda daxili siyasi proseslərə birbaşa təsir göstərəcək. Paşinyan hakimiyyətinin siyasi rəqibləri Azərbaycanla əldə olunan bütün anlaşmaları, yəqin, daxili auditoriyaya öz maraqlarına cavab verən məzmunda təqdim etməyə və Ermənistan cəmiyyətində ciddi narazılıq yaratmağa çalışacaqlar. Bu baxımdan, yaxın aylarda Paşinyan hakimiyyətinə qarşı yeni etiraz dalğasının ola biləcəyi qətiyyən istisna deyil”.

Analitik, həmçinin qeyd edib ki, bunun ilkin əlamətləri artıq müşahidə edilməyə başlayıb:

 “Qarabağ klanı”na yaxın mətbuat orqanları baş nazir Nikol Paşinyanın bu ilin payız aylarında Azərbaycanın maraqlarına uyğun məzmunda yekun sülh sazişini imzalayacağını iddia edir. Elə yalnız rəsmən təsdiqi olmayan bu iddialar belə, Ermənistanda siyasi etirazların yenidən qızışmasına səbəb olmaqdadır.

Digər tərəfdən, Paşinyan hakimiyyəti yekun sülh sazişini mümkün qədər tez imzalaya bilməsə, Ermənistanın blokada şəraiti uzanacaq. Bu isə sosial-iqtisadi böhranın daha da dərinləşməsi anlamına gəlir. Yəni Paşinyan hakimiyyətinə qarşı sosial-iqtisadi tələblərlə də etirazların baş qaldırması istisna deyil.

Göründüyü kimi, Paşinyan hakimiyyətini olduqca ağır bir yeni mərhələ gözləyir. Rəsmi İrəvan yaxın aylarda çarpaz təzyiq altında olacaq. Buna necə tab gətirə biləcəyi hələlik məlum deyil. Bütün bunlar onu göstərir ki, istənilən halda, seçkilərdə qalib gəlsə də, Paşinyan hakimiyyəti üçün real təhlükə hələ uzun müddət qalacaq.

Əgər bu vəziyyətdən operativ və ən doğru çıxış yolları tapılmasa, Ermənistanda daxili ziddiyyətlər silahlı toqquşmalara və hətta hakimiyyət çevrilişi cəhdlərinə qədər dərinləşə bilər”.