Gözlənti budur:“Sənədlər Zəngəzur dəhlizinin açılmasını zəruri edir”

“Cənab Prezidentin bu gün vurğuladığı kimi, bu şərtlərin heç biri olmasa, Azərbaycanın “Dəmir yumruğu” yerindədir”

“Bununla da Ermənistan tamamilə məhv olma astanasına gələcək”

“Fikrimcə, bundan sonra Nikol Paşinyanın belə ağılsızlıq etmək imkanları yoxdur”


Bu gün Prezident İlham Əliyev Azərbaycana səfər edən Rumıniya xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib. Ölkə başçısı bildirib ki, biz üç il əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəkləyən tərəfdaşlıq prioritetlərinə dair sənədi parafladıq:

“Bu, yeni hərtərəfli sazişin razılaşdırılması istiqamətində çox mühüm addım oldu. Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırki vəziyyətə həsr olunub. 

Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılovun sözlərinə görə, ölkə başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan bundan sonra Ermənistanla sülhün olmasında maraqlıdır:

“Eyni zamanda Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan regionda yaranacaq “Altılıq platforması”nın önəmindən bəhs ediblər. Artıq Rusiya, İran, və Gürcüstan bu platformaya öz maraqlarını bildiriblər. Seçkiqabağı Ermənistandakı xaotik və gərgin vəziyyəti nəzərə alaraq iqtidardan namizəd olan, alternativ fikirlər söyləyən müxalifətçilər tərəfindən təəssüf ki, sülh sazişi və gələcəkdə formalaşacaq etimad mühiti ilə bağlı dürüst açıqlamalar verilmirdi. Ancaq seçkilərdən sonra Ermənistandan gözləntilərimiz var. Həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il bəyanatının imzalanması zaman əldə olunan razılıq, həmçinin Azərbaycanla Türkiyə arasındakı Şuşa Bəyənnaməsi Zəngəzur dəhlizinin açılmasını zəruri edir”.

T.İsmayılov vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqdan sonra regiondakı bütün ölkələr bu dəhlizin faydasını hiss edəcəklər:

“Dəhliz açıldıqdan sonra avtomatik olaraq Ermənistanla Azərbaycan arasında sülh və etimad mühiti formalaşa bilər. Təbii ki, bunun üçün Ermənistan ilk olaraq minalanmış digər ərazilərin xəritəsini verməli, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ölkəmizin ərazi bütövlüyünü tanımalı, bundan sonra Qarabağla bağlı hansısa təxribatçı açıqlama verib, addımlar atmamalıdır. Bunlar olarsa, əlbəttə ki, regionda sülh bərqərar olacaq. Lakin cənab Prezidentin bu gün vurğuladığı kimi, bu şərtlərin heç biri olmasa, Azərbaycanın “Dəmir yumruğu” yerindədir. Bununla da Ermənistan tamamilə məhv olma astanasına gələcək. Fikrimcə, bundan sonra Nikol Paşinyanın belə ağılsızlıq etmək imkanları yoxdur”.