Ermənistan ərazisində rus qoşunlarını görmək istəyir

Bununla onlar guya, Azərbaycanda bir narahatlıq, təşviş yaratmağa çalışır


Erməni mənbələr Azərbaycanla Ermənistan sərhədinin Geqarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi məlumatlarını yayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş qərargah rəisi Artak Davtyan məlumatı təsdiqləyib. Məlumatda diqqət çəkən məqam Rusiya hərbçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir. Bəs proseslər hansı istiqamətdə inkişaf edir? Bütün bunlar Azərbaycanın əleyhinədirmi?

Suallarımızı cavablandıran siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, erməni tərəfi məqsədli şəkildə bu tipli xəbərlərlə psixoloji təsir yaratmağa çalışır. O qeyd edib ki, xüsusilə də Ermənistan ictimaiyyətdə bu tipli xəbərləri çoxluqla yayaraq bir növ regionda gərginliyin artacağı ilə bağlı müharibə eyforiyası yaratmaqda maraqlıdır:

"Bununla da ölkə daxilində anti-müharibə tərəfdarı olan qüvvələrin qıcıqlanmasını istəyir. Görünür ki, erməni tərəfi  Azərbaycanda bir narahatlıq, təşviş yaratmağa çalışır. Yəni baxın, Rusiya bizim sərhədlərimizi qoruyur, Azərbaycan tərəfi də artıq Rusiya ilə üz-üzə qalacaq və s. Xüsusilə də Şuşa Bəyannaməsindən sonra ermənilər regionda Azərbaycan və Rusiyanın arasını vurmağa səy göstərir. Rəsmi Kremlin diqqətinə çatdırmağa çalışır ki, baxın, Azərbaycan türkləri Cənubi Qafqaza buraxdı və bu da sizin buradakı nüfuz dairənizin azalmasına gətirib çıxaracaq. Erməni tərəfinin indiki halda ən böyük siyasəti sırf bununla bağlıdır. Təbii ki, bu, Azərbaycan üçün narahatlıq doğuran bir məqamdır. Fikrimcə, Rusiya Paşinyanın hakimiyyətdə qalmasından sonra İrəvana təzyiqləri artırıb. Yəni İrəvan Qərbə meyl edir, habelə Nikol Paşinyanın özü də Qərb meyilli şəxsdir. Ümumiyyətlə, Kreml İrəvanı itaətdə saxlamaq istəyir və bu ölkədəki hərbi mövcudluğunun sayını artırmaqda maraqlıdır". 

T.Rzayev qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi istiqamətində rusların sərhəddə olması Azərbaycanın daha çox işinə yarıyır, nəinki ermənilərin:

"Ermənilər istənilən halda təxribat törətməyə çalışır. Görünür, Kreml də bunu başa düşür və artıq prosesə özü müdaxilə edib. Hətta yayılan bəzi videolarda da erməni tərəfi məqsədli şəkildə Azərbaycan sərhədlərini  bilərəkdən dəyişdirməyə və təhrif etməyə səy göstərir. Yəni indiki halda rusların əsas məqsədi görünür ki, ermənilərin bu kimi təxribatlarının qarşısını almaq və ən qısa zamanda sərhədlərin delimitasiya və demarkasiya prosesini gerçəkləşdirərək nəqliyyat-kommunikasiya xətlərini açmaqdır. Yəni onlar bölgədə nəqliyyat-kommunikasiya sistemlərinin bərpa olunmasında maraqlıdırlar. Düşünürəm ki, məhz bu proses də bizim xeyrimizə ola bilər. Bir məsələ də var ki, görünür, bu yolla Paşinyan sərhədlərin gələcəkdə bərpasında "Qarabağ klanı"nın ona qarşı verəcək arqumentlərindən yayınmağa çalışır. Yəni ki, baxın, ruslar bu prosesi tənzimlədi və biz rusları sərhədə qoymuşuq. Paşinyan onun bu işdə bir günahı yoxdur kimi təəssürat yaratmağa çalışır. Ümumiyyətlə, nəticə etibarilə bu proses bizim lehimizədir. Görünür, regionda siyasi konfiqurasiya formalaşır. Bu konfiqurasiyanın fonunda Kreml prosesi Türkiyə və Azərbaycanla birlikdə aparmaqda maraqlıdır. Çünki Rusiyanın özünə qarşı da bu günləri təzyiqlər var. Buna görə də istəyir ki, Cənubi Qafqazda proses tez tənzimlənsin və ən azından Cənubi Qafqazdakı iqtisadi məsələdə Rusiya əlavə gəlir götürə bilsin".