İsrailin xarici işlər naziri Yair Lapid iyunun 29-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ölkə tarixində ilk rəsmi səfər həyata keçirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Yair Lapid ilk rəsmi səfərini BƏƏ-yə edib. O, BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zaid əl-Nahyanın qonağı olacaq. Səfər iki gün sürəcək. Lapid Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğunun açılışında iştirak edəcək.
Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri olub.