"Qarabağda faktaraşdırıcı missiya ilə mümkün qədər çox iş aparmaq lazımdır"
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizə 28 iyun – 2 iyul tarixlərini əhatə edən səfərə gəlib. Bu barədə Ombudsman Aparatından məlumat evrilib. Nümayəndə heyətinə TİHEK-in rəhbər şəxsləri, habelə Türkiyənin tanınmış universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri sahəsində araşdırma təcrübəsinə malik olan tədqiqatçıları daxildir. Bəs türkiyəli rəsmilərin Qarabağda faktaraşdırıcı missiya həyata keçirməsi Azərbaycana nə kimi müsbət təsirləri olacaq?
Sualımızı cavablandıran BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Qarabağda işğal dövründə törədilən bütün vandalizm faktları, insanlığa qarşı törədilən cinayətlər mümkün qədər araşdırılmalı, qeydə alınmalı və beynəlxalq aləmə çatdırılmalıdır. O qeyd edib ki, bu məqsədlə Türkiyənin köməyindən istifadə mütləqdir:
"Ermənistanın istər Türkiyə, istərsə də Azərbaycan əleyhinə apardığı böhtan kampaniyasının qarşısını almaq üçün Qarabağda faktaraşdırıcı missiya ilə mümkün qədər çox iş aparmaq lazımdır. Çünki bu faktlar erməni əks təbliğatının "yalan maşınını" durdurmaq üçün təsirli vasitədir. Türkiyə-Azərbaycan əlaqələri hər sahədə inkişaf etdiyi kimi, beynəlxalq aləmdə erməni vandalizminin ifşa olunmasında da əməli işlərin görülməsi üzərində çalışmalıdır".
A.Qasımov hesab edir ki, türkiyəli rəsmilərin Qarabağda faktaraşdırıcı missiya həyata keçirməsi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycana böyük dəstək olacaq:
"Bir əsrdən çoxdur ki, erməni vandalizminə dəstək verən Fransa, Rusiya, Amerika və s. kimi ölkələr erməni lobbisinin dəstəyi ilə öz əməllərini Türkiyə və Azərbaycanın adına çıxarmaqla "qondarma soyqırım" yalanı ilə dünya ictimaiyyətində yanlış fikir formalaşdırıb. Bu yalanları ifşa etmək üçün Qarabağda türkiyəli rəsmilərlə hərtərəfli iş aparılması və dünya ictimaiyyətinə çatdırılması, bu faktların erməni ideoloqlarının uydurmalarına tutarlı cavab olacağı mütləqdir. Azərbaycan faktaraşdırıcı missiya ilə Qarabağa mümkün qədər çox dövlət cəlb etməyə çalışmalıdır. Bu, gələcəkdə təzminat tələbi zamanı Azərbaycanın əlini gücləndirəcək".