“Qazax-İcevan yolu açılırsa, bu yolun üzərində yerləşən kəndlərin də taleyi müəyyənləşməlidir”
“Sərhədin delimitasiyası ilə bağlı əsas götürülən məqamlar Qazaxın 7 kəndi ilə bağlı məsələnin həll ediləcəyi fikrini gücləndirir”
“Ermənistan Müdafiə Nazirliyi Rusiya sərhədçilərinin Tavuşda Azərbaycanla sərhəddə yerləşdirildiyini təsdiqlədi: Paşinyanın “Azərbaycanla sərhədə rus hərbçiləri gəlsin” çağırışını rədd edən Moskva niyə bu bölgəyə əsgər göndərir?”- Bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: “Əsas sual budur və delimitasiya prosesində problemin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində - Zoddan Xəznəvara qədər olan məsafə-yaşandığını, Paşinyanın təklifinin də bu istiqamətlə bağlı olduğunu nəzərə alsaq, cavabı tapmaq mümkündür.
Lakin rus sərhədçilərinin Tavuşda yerləşdirildiyi kənd diqqəti fərqli istiqamətə yönəldir: Voskepar – Qazaxın işğal altında qalan Əskipara kəndi. Rus sərhədçilərinin bu kənddə yerləşməsinin əsas səbəbi kommunikasiyanın bərpası prosesində Rusiyanın prioritetləri ilə bağlı ola bilər. Paşinyanın Moskvaya səfərindən dərhal sonra Rusiya baş nazirinin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçukunun Bakıya səfəri, ardınca Əliyev-Putin görüşü zamanı Bakı və Moskva arasında anlaşılmaz məsələlərdən birinin kommunikasiya xətlərinin açılması ilə bağlı olduğunu danışmışdıq. Məsələ ondan ibarətdir ki, Rusiya Ermənistanla quru əlaqədə Gürcüstan marşrutuna alternativi daha tez əldə etmək istəyir.
Ruslar üçün əsas marşrut Qazax-İcevan yoludur: bu, Rusiyadan Ermənistana Gürcüstan üzərindən gedən Lars yoluna alternativdir. Lars yolunun iki çətinliyi var: siyasi çətinlik – ruslar ABŞ-ın təsir gücünün olduğu Gürcüstan marşrutunu riskli görür; iqtisadi çətinlik – qış aylarında bu yolun işlək qabiliyyəti böyük miqyasda aşağı düşür. Mümkündür ki, ruslar növbəti qışa qədər Qazax-İcevan yolunun açılmasına çalışır və rus sərhədçilərinin Əskipara kəndinə yerləşdirilməsi Tavuş bölgəsindən keçəcək yolun təhlükəsizliyi ilə bağlı ola bilər. Kommunikasiyanın bərpası ilə bağlı müzakirə masasında Qazax-İcevan yolunu önə çəkən Ermənistan da bu yolun açılmasında həm iqtisadi, həm də siyasi baxımdan maraqlıdır. Yol Ermənistandan Rusiyaya gedən yük maşınlarının Larsda yubanmasının qarşısını alacaq, o cümlədən, əks istiqamətdə gələnlərin. Ermənistan Rusiyanın da istəyində olan bu yolun açılmasından sonra Zəngəzur dəhlizinə daha asan maneələr yarada biləcəyini hesablayır. Hərçənd, Bakı “bütün kommunikasiya xətlərinin paralel şəkildə açılması” dedikdə məhz bunu nəzərdə tuturdu və istisna deyil ki, Əliyev-Putin görüşündə “paralel açılmaq”la bağlı razılığa gəlinib: Azərbayan Zəngəzur dəhlizini açır, Rusiya Qazax-İcevan yolunu və hər iki yolun dekabr ayında istifadəyə verilməsi mümkündür; Zəngəzur dəhlizinin təhlükəsizliyini qoruyacaq rus hərbçiləri bu yolun da təhlükəsizliyini təmin etmək üçün bölgədə yerləşdilər”.
A.Nərimanlı, həmçinin Qazaxın işğal altındakı 7 kəndi ilə bağlı açıq qalan məqamlara da toxundu:
“Qazaxın 7 kəndinin də qaytarılması məsələsi gündəmdədir, hətta bunun 10 noyabr razılaşmasına salındığı, lakin son anda Ermənistan hakimiyyətinin yükünü azaltmaq üçün sonraya saxlanıldığı deyilirdi. Sərhədlərin delimitasiyası SSRİ xəritələrinə uyğun aparılır və bu xəritələrə görə kəndlər qaytarılmalıdır. Qazax-İcevan yolu açılırsa, bu yolun üzərində yerləşən kəndlərin də taleyi müəyyənləşməlidir. Sərhədin delimitasiyası ilə bağlı əsas götürülən məqamlar Qazaxın 7 kəndi ilə bağlı məsələnin həll ediləcəyi fikrini gücləndirir.
O zaman sual yaranır: rus sərhədçilər niyə Əskiparadadır? Mümkündür ki, rus sərhədçilər həmin istiqamətdə kommunikasiyanın açılması ilə yanaşı, delimitasiya prosesinə də nəzarət edəcək. Ermənistanın Kəlbəcər istiqamətindəki delimitasiya prosesində yaratdığı maneələr və Rusiyanın vasitəçiliyinə alternativləri gündəmə gətirməsi Moskvanın prosesin ən ağır mərhələsi olacaq 7 kəndlə bağlı məsələyə öncədən müdaxilə etmək istəyindən irəli gələ bilər. Burada söhbətin hansı Əskipara kəndindən getdiyi də önəmlidir:
Ermənistan Müdafiə Nazirliyinin məlumatında qeyd olunan “Azərbaycanla sərhəddə” ifadəsi sərhədçilərin esklav olan Yuxarı Əskiparada yox, sərhəddə olan Aşağı Əskiparada yerləşdirildiyi deməyə əsas verir. Və bu iki cavabsız sualı aktuallaşdırır.
Birinci sual: Rus sərhədçiləri nə vaxta qədər bölgədə qalacaq? İkinci sual: Eksklav olan Yuxarı Əskipara ilə bağlı başqa anlaşma mümkündürmü?”.