Dünən Fransa Prezident Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.
Siyasi analitik Turab Rzayev sözügedən müzakirəni “Sherg.az”a şərh etdi:
“Bu, yaxşı hal olsa da, münasibətlərdə köklü dəyişikliklərin olacağına inanmıram. Makrondan əvvəlki prezidentlər, heç olmasa, görüntü naminə neytral olmağa çalışırdılar. Hazırkı dövlət başçısı isə açıq-aydın mövqe tutur. Odur ki, ən azı mövcud iqtidar dəyişməyincə münasibətlər gərgin olaraq qalacaq. İkinci bir tərəfdən, ATƏT-in Minsk Qrupunu fəallaşdırmağa çalışırlar ki, bu da bizim üçün arzuolunan deyil”.