İranla bağlanmış nüvə sazişinin xilasına xidmət edən və hazırda yarımçıq saxlanan Vyana danışıqları sentyabr ayında davam etdirilə bilər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi dairələri bu barədə mətbuata məlumat veriblər. Bildirilir ki, İran təmsilçiləri də ötən günlərdə Vyana danışıqlarının bərpa olunma ehtimalına dair fikirlər səsləndiriblər. Aİ tərəfi İranda yeni hökumətin təşkilindən dərhal sonra danışıqların yeni mərhələsinin başlanacağına ümid bəsləyir. Hesab edilir ki, danışıqların davamı sentyabrın əvvəlində mümkün ola bilər. İranda yeni seçilmiş prezidentin inauqurasiya mərasimində iştirak etmiş Aİ rəsmisi Enrike Moranın bu istiqamətdə təmaslarda olduğu və danışıqların davam etdirilməsi təklifi ilə çıxış etdiyi bildirilir.
Qeyd edək ki, bu ilin aprel-iyun aylarında 2015-ci ildə İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan sazişin bərpası üçün Vyanada danışıqlar aparılıb. İranla aparılan danışıqlarda Çin, Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və eləcə də Aİ təmsilçiləri iştirak ediblər. Danışıqların əsas hədəfi Donald Tramp administrasiyasının 2018-ci ildə sazişi birtərəfli qaydada tərk etməsindən sonra bu ölkənin danışıqlar masasına geri dönməsini təmin etməkdir. Bunun üçün İran tərəfi sanksiyaların ləğv olunmasını, ABŞ isə saziş öhdəliklərinə tam şəkildə riayət olunmasını tələb edir.