Spikerin Rəisi ilə görüşündə niyə Azərbaycan bayrağı yox idi?- Aydınlaşdı

“İranın mövcud rejimini heç vaxt sevməmişəm. Onlara qarşı ən çox yazı yazanlardan da biriyəm. Hətta yazdıqlarıma görə məni “Mossad agenti” də çıxarmışdılar. O vaxtdan Arazın o tayına gedə bilmirəm, Allah qismət də eləməsin”.
 Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O, “Sherg.az”a açıqlamasında parlament nümayəndəmizin Tehrana səfəri barədə bəzi məqamlara aydınlıq gətirdi:

“Amma bu münasibəti bir kənara qoyub, Milli Məclis sədrinin İran prezidenti ilə görüşündə Azərbaycan bayrağının qoyulmamasının səbəbinin protokol qaydasından irəli gəldiyini demək lazımdır. Bu, bütün dünyada qəbul edilmiş qaydadır: bir ölkənin prezidentinin digər ölkənin aşağı ranqlı nümayəndəsi ilə görüşdə bayraq qoyulmur.



Rəisinin Türkiyə parlamentinin sədri Mustafa Şəntopla müzakirəsində də salonda türk bayrağı yox idi. Eləcə də digər ölkələrin nümayəndələri ilə görüşündə də. 

Spikerin İran parlamentinin sədri ilə söhbəti zamanı Azərbaycan bayrağı qoyulmuşdu. Hər şey protokoldan irəli gəlir. İran parlamentinin sədri Azərbaycan prezidenti ilə görüşəndə də salonda İran bayrağı qoyulmur.

İran prezidentinin Paşinyanla görüşündə erməni bayrağının olması da protokol qaydalarından qaynaqlanır: Ermənistan parlament respublikasıdır və baş nazir ölkənin əsas rəhbəri sayılır. Yəni Rəisi ilə Paşinyan eyni ranqlıdır”.

A.Nərimanlının fikrincə, məsələnin ajiotaj yaratması təsadüfi deyil:

“O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir. Hətta İranda Azərbaycanı “Bakı respublikası” adlandıranlar var. Əslində bayraq məsələsinə cəmiyyətin bu qədər həssas yanaşması da İranın illərdir Azərbaycana qarşı apardığı siyasətdən irəli gəlir. Reaksiyamızın keçmişə söykənən səbəbləri var. Bayraq məsələsində həssaslığımız da gözəldir, amma, fikrimcə, əsaslandırmanı düzgün etməliyik”.